Vətəndaşlara kiberdələduzluqla bağlı xəbərdarlıq

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 19:11

Son dövrlərdə rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” və sosial şəbəkələrdə vətəndaşların fərdi və maliyyə məlumatlarının ələ keçirilməsi məqsədilə həyata keçirilən kiberdələduzluq hallarının artdığı bildirilir.

Gununsesi.info xəbər verir ki, dələduzlar vətəndaşların etibarından və emosional vəziyyətindən istifadə edərək müxtəlif sosial mühəndislik üsullarına əl atırlar.

Ən çox rast gəlinən hallardan biri yaxın şəxslərin adından saxta hesabların yaradılmasıdır. Bu zaman dost və ya qohumun fotoşəkilindən istifadə edilərək onun adından “təcili pula ehtiyacım var” məzmunlu mesajlar göndərilir və pul köçürülməsi tələb olunur.

Digər geniş yayılmış üsul isə özünü bank və ya hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxslərin telefon zəngləridir.

Dələduzlar “adınıza qanunsuz kredit götürülüb”, “kartınızdan şübhəli əməliyyat aparılır” və ya “terrorçulara pul köçürülür” kimi ifadələrlə vətəndaşda təşviş yaradaraq kart məlumatlarını, PIN, CVV/CVC və SMS təsdiq kodlarını əldə etməyə çalışırlar.

Kiberdələduzlar həmçinin sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə edirlər.

Vətəndaşa ilkin mərhələdə qazanc əldə etdiyi görüntüsü yaradılır, daha böyük məbləğ yatırmağa sövq edildikdən sonra isə vəsait mənimsənilir.

Fişinq hücumları zamanı isə məşhur xidmətlərin və ya poçt şirkətlərinin rəsmi saytlarına bənzər saxta keçidlər göndərilir.

“Ödənişi almaq üçün linkə daxil olun” və ya “cəriməni dərhal ödəyin” kimi mesajlarla vətəndaşlar aldadılaraq bank kartı məlumatlarını saxta səhifələrə daxil etməyə sövq edilir.

Mütəxəssislər vətəndaşlara tanışlarından gələn təcili pul tələblərini başqa vasitə ilə dəqiqləşdirməyi, bank kartlarının məxfi məlumatlarını və SMS təsdiq kodlarını heç kimlə paylaşmamağı tövsiyə edirlər.

Şübhəli linklərə daxil olmamaq, bank və digər xidmətlərdən yalnız onların rəsmi tətbiq və saytları vasitəsilə istifadə etmək də əsas təhlükəsizlik tədbirlərindəndir.

Həmçinin “hesabınızdan pul çıxarılır”, “adınıza kredit götürülüb” və ya digər təhdid xarakterli zənglər zamanı təşvişə düşməmək, əlaqəni dərhal kəsmək və zəng edən şəxsin əməkdaşı olduğunu iddia etdiyi qurumla yalnız rəsmi əlaqə vasitələri üzərindən əlaqə saxlamaq tövsiyə olunur.

Vətəndaşlardan rəqəmsal mühitdə ayıq-sayıq olmaq, fərdi və maliyyə məlumatlarının təhlükəsizliyinə xüsusi diqqət yetirmək və şübhəli hallarda tələsik qərar verməmək xahiş olunur.

 

Gununsesi.info