Sosial şəbəkədə olan hər bir valideyn öz övladının şəklini paylaşır.
Əlbəttə, burada olan niyyət yaxşıdır.
Ancaq suallar da yaranır.
Hətta bəzən, körpə uşaqların yarıçılpaq şəkilləri paylaşıla bilir.
Ümumiyyətlə, qanun bu barədə nə deyir?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.
O, deyib:
“Valideynin övladının görüntüsünü sosial şəbəkədə paylaşması Azərbaycanda hazırda tam şəkildə tənzimlənmir, amma bu, qəti şəkildə “istədiyini edə bilər” demək deyil. Bu məsələ həm şəxsi həyatın toxunulmazlığı, həm də uşağın maraqları baxımından hüquqi və etik çərçivədə dəyərləndirilməlidir. Paylaşılan şəkillərdə uşağın şəxsi həyatı, kimliyi və imici qorunmalıdır. Uşağın maraqları birinci yerdə dayanmalıdır. Bu o deməkdir ki, əgər valideynin paylaşımı uşağın hüquqlarına, təhlükəsizliyinə və ya gələcək rifahına zərər verə bilərsə, bu artıq hüquqi problem yaradır. Bəzi ölkələrdə (məsələn, Fransa, Almaniya) bu artıq hüquqi məsuliyyət doğurur və uşaq valideynini gələcəkdə məhkəməyə belə verə bilər. Çünki Uşaq şəkillərinin ictimaiyyətə açıq paylaşılması psixoloji təzyiqə, kiberbullinqə, şəxsi təhlükəsizlik risklərinə hətta pedofillik dairələrinin diqqətinə səbəb ola bilər. Hazırda Azərbaycanda bu tip paylaşımı birbaşa qadağan edən qanun yoxdur”.
Orxan












