Yalçın İslamzadə: “Qədim eposları ekranlaşdırmaq insan haqqında düşünmək üçün fürsətdir”

  • Müəllif: Orxan
  • 24 İyul 2026 10:13

Son günlər kinoteatrlarda nümayiş olunan “Odissey” filmi sosial şəbəkələrdə və kino ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, mövzu ilə bağlı fikirlərini bölüşən Yalçın İslamzadə hesab edir ki, müasir dövrdə sosial media məzmununun əhəmiyyətli hissəsi gündəlik və səthi hadisələr üzərində qurulsa da, qədim eposların ekranlaşdırılması bəşəriyyətin ən qiymətli mədəni irsi haqqında düşünmək üçün yaxşı imkandır.

Onun sözlərinə görə, bu cür əsərlərin əsas mövzusu insandır və insan təbiəti dəyişmədiyi üçün minilliklər əvvəl yazılmış mətnlər bu gün də aktuallığını qoruyub saxlayır.

Yalçın İslamzadə qeyd edir ki, əvvəlki dövrlərdə “Axilles dabanı”, “Damokl qılıncı”, “Troya atı”, “Qordi düyününü kəsmək” kimi qədim yunan mifologiyasından gələn ifadələr gündəlik nitqdə daha çox işlədilirdi.

Onun fikrincə, hazırda insanların söz ehtiyatı və dil mədəniyyəti əvvəlki illərlə müqayisədə xeyli sadələşib.

İslamzadə filmdə Sparta kraliçası Helenin qaradərili aktrisa tərəfindən canlandırılmasına da münasibət bildirib.

O vurğulayıb ki, Homerin əsərində Helen “gözəlliyi min gəminin yelkən açmasına dəyərdi”, “düz saçlı” və “hamar dərili” kimi təsvir olunur.

Onun fikrincə, İsa peyğəmbərin Avropa incəsənətində sarışın və mavi gözlü təqdim edilməsini avropasentrik yanaşma kimi qiymətləndirmək mümkün olduğu kimi, Helenin qaradərili aktrisa tərəfindən canlandırılması da əsərin orijinal ruhundan uzaqlaşdıran liberal yanaşmadır.

Yalçın İslamzadə əlavə edib ki, qədim yunan cəmiyyətinin etnik və sosial reallıqları nəzərə alındıqda, həmin dövrdə qaradərili bir şəxsin Sparta kraliçası olması tarixi baxımdan inandırıcı görünmür.

O, bu yanaşmanı Sovet dövründə Azərbaycan televiziyasında yaşanan bəzi təcrübələrlə müqayisə edib.

İslamzadənin sözlərinə görə, həmin illərdə universitet tələbələrindən bəhs edən televiziya tamaşasında birinci kurs tələbəsini orta yaşlı aktrisanın canlandırmasının səbəbi barədə aldığı cavab belə olub: yaşlı aktrisalar baş rolları itirməmək üçün gənc aktrisaların önə çıxmasına mane olurdular.

Elmar

Gununsesi.info