Yunanıstanın “Eurovision” mahnısı diplomatik böhrana səbəb oldu

  • By Günel
  • 07 Fevral 2025 11:25

Yunanıstanın 69-cu Avroviziya Mahnı Müsabiqəsi üçün seçdiyi “Asteromata” mahnısı Ankara ilə Afina arasında diplomatik gərginliyə səbəb olub. TRT sözügedən mahnının araşdırılacağını və lazım gələrsə, EBU -ya (Avropa Yayım Birliyi) rəsmi şikayət edəcəklərini açıqlayıb.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın 69-cu Avroviziya Mahnı Müsabiqəsi üçün seçimi Klavdiyanın ifasında “Asteromata” olub. Lakin mahnının 1900-cü illərin əvvəllərində Osmanlı İmperatorluğunda yaşayan Pontus Yunanlarının deportasiyasından ilhamlandığı iddia edilincə xaos yaranıb.

Milli finaldan öncə Klavdia Yunanıstanın dövlət kanalı ERT-də proqrama qatılaraq: “Mənim ailəm Pontik mənşəlidir. Onlar qaçqın idilər, ona görə də mahnı ilə bağlılıq hiss edirəm. Nənəm mənə öz hekayələrini danışardı, ailəsindən danışardı. O vaxt necə sürgün olunduqlarını, Sovet İttifaqına getdiklərini mənə söyləmişdi. Ailəm orada doğulub, müəyyən yaşa qədər orada böyüyüb. 1991-ci ildə o, Yunanıstana qayıdıb və burada yeni həyata başlayıb” deyib.

Klavdia əlavə olaraq bildirib: “Biz köklərimlə bağlı mahnı yaratmaq istədik. İstədik ki, bu, köçkünlük və qaçqın statusunun yaratdığı çətinliklərdən bəhs edən mahnı olsun”.

Dövlət kanalı TRT mahnının sözlərini araşdıracağını və həqiqətən də “Pontus soyqırımı”na eyham olduğu qənaətinə gələrsə, “Eurovision”- un bağlı olduğu Avropa Yayım Birliyinə (EBU) rəsmi şikayət edəcəyini açıqlayıb.

Yunanıstan 1914-1923-cü illər arasında Osmanlı İmperiyasında Pontus Yunanlarının törətdiyi hadisələri 1994-cü ildə “soyqırım” kimi tanıyıb və 19 may tarixini anma günü elan edib. Türkiyə isə o dövrdə baş verən hadisələri soyqırım kimi qəbul etmir, onları müharibənin, daxili qarşıdurmaların tərkib hissəsi kimi qiymətləndirir.

Əsl adı Klavdia Papadopoulu olan 22 yaşlı Klavdia “The Voice of Greece” (“O səs Yunanıstan”) müsabiqəsi ilə tanınıb və 2022-ci ildə “Lonely Heart” adlı debüt mahnısını buraxıb.

Günel Həsənova

Gununsesi.info