Zəngəzur dəhlizinin açılması Naxçıvan futbolunun inkişafına səbəb olacaq

  • By admin
  • 01 İyun 2022 14:57

Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev “Araz-Naxçıvan” Futbol Klubunun 55 illiyi münasibətilə təşkil olunan “Bir uşaq-Bir top” futbol festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Gununsesi.info xəbər verir ki, Sakit Rzayev bildirib ki, yanvarda “Araz-Naxçıvan” və Futbol Federaisyasının struktur dəyişikliyindən sonra ilk görüşdə klubun korporativ kimliyinin geri qaytarılması və inkişafı ilə bağlı layihə hazırlanıb:

“Tək komanda yox, klub olaraq inkişafı əsas götürdük, promo məhsulları, formalar, akademiya, regionlarda filialların açılması ilə bağlı 10 illik plan hazırladıq. Hədəflərdən birincisi klubu Premyer Liqaya çıxarmaqdır. AFFA rəhbərliyi ilə görüşdükdən sonra belə qərar verildi ki, 1 il I Divizionda oynayaq. Premyer Liqada şərtlər başqadır. 1 il ərzində ümumi təcrübə qazanmalıyıq. Struktur formalaşdırılmalıdır. 1 ildə komandalar, məşq meydançaları formalaşdıra bilərik. Danışıqlardan sonra qərar verdik ki, I Divizionda oynayaq. Bu, peşəkarlaşma yolunda atdığımız ilk addımlardan biridir. 55 illiyi də tam uşaq futboluna həsr edirik. Bütün planlarımız uşaq futbolunun inkişafına yönələcək. “Araz- Naxçıvan”ı artıq hər kəsin oynamaq arzusunda olduğu kluba çevirmək istəyirik. Bütün şəhər qırmızı-ağ rənglərə bürünüb. İnanırıq ki, bundan sonra daha kütləvi hal alacaq.

Bizə meydança, infrastruktur lazımdır. 1 il əvvəl belə bir layihə hazırladıq. Akademiyanı şəhərdən kənara çıxarmaq istədik. Orada biş ərazilər çoxdur. Gələcəkdə daha böyük infrastruktur qurulması üçün addımlar atılacaq. Ora uşaq futbolunun təlim-məşq bazası kimi nəzərdə tutulub, 14 yaşa qədər uşaqların məşq etməsi, oynaması və çimərlik futbolunun inkişafı üçün qurulub. Görəcəyimiz işlərdən biri futazlın inkişafı ilə bağlıdır. 24 komandanın iştirakı iləı Naxçıvan futzal çempionatı keçirdik. Pandemiyaya görə yarımçıq qalsa da, yenidən keçirmək istəyirik”.

S.Rzayev klubun maliyyələşməsindən danışıb:

“Güclü maliyyə dəstəyi lazımdır və bu, davamlı olmalıdır. İdarə heyətinin üzvlüyündə 4 iş adamı var. Bir çox maliyyə meyarları var. Naxçıvanda iqtisadi inkişaf davam edir. Bunun da nəticəsində futbolumuz bir yerə gəlməlidir. Tam açıqlaya bilməyəcəyəm. Amma maliyyə dayanıqlılığını hiss edirik. 10 illik proqram az deyil. Günün tələblərinə uyğun olaraq, tələblərə görə ildən-ilə hədəflərimizə uyğun maliyyə artmalıdır. Futbol federasiyası rəhbərliyi olaraq hər bir rayona iş adamı sponsorlar veririk. Onlar həmin komandalara bütün maliyyə dəstəklərini verəcəklər. AFFA da köməkliyini əsirgəməyəcək. Region komandalarımız hər biri Ədliyyə Nazirliyindən qeydiyyatda keçiriləcək. 3 ay əvvəl AFFA-da görüş keçirdik. Bütün idman növlərinin bazası məktəblərdir. Elit məşq layihəsi və məktəblərdə futbol dərsləri layihələri burada tətbiq olunacaq. D və C kateqoriyalı məşqçi kursaları keçirildi. Bunların hamısı paralel şəkildə aparılmalıdır. Biz digər nazirliklərlə iş aparmalıyıq. Hər birindən bir nazirlikdən bir nəfər Naxçıvan Futbol Federasutasının idarə heyətinin üzvlüyünə seçildi. Hazırda turnir keçirdikdə heç bir çətinlik yaşamırıq. Xarici klublara gəlincə, ABŞ geyim şirkətlərindəm biri ilə ilkin razılıq əldə etmişik. 100-dən çox klubla əməkdaşlıq edirlər. Onların netvörkinq sisteminə qoşulmaq üçün müqavilə imzalayacağıq və bununla da avtomatik əməkdaşlıq yaranır. Aşağı yaş komandalarının turnirlərə cəlb olunması, məşqçilərimizin praktikaya göndərilməsi işləri aparılacaq. Onlardan artıq bizə geyim dəstləri gəlib”.

“Federasiya prezidenti Vüqar Abbasov həm də “Araz-Naxçıvan”ın prezidentidir. Siz özünüz də klubda təmsil olunursuz. Bu isə qaydalara ziddir. Seçim qarşısında qalsaz, hansını seçəcəksiz?” sualına S.Rzayev belə cavab verib: “Bəli, qaydalara ziddir. Bu barədə müzakirələrimiz olub. “Araz-Naxçıvan”a yeni prezidentin seçilməsi gözlənilir. Mənim federasiya və klubda davam etdirməyimə gəlincə, ağır sualdır. Hara məsləhət görülsə, işimizi orada davam etdirəcəyik. Həm federasiy,a həm klubun rəngləri ağ-qırmızıdır.

O, Azərbaycanda hələ də futbol akademiyasının formalaşdırıla bilmədiyini qeyd edib: “Belə akademiya formalaşdıra bilməmişik. Formalaşdırsaq belə, uzunmüddətli olmayıb. Biz akademiyanı qurmağı, futbol təhsilini, uşaqların düzgün insan kimi formalaşdırılmasının müzakirəsini aparmalıyıq. İnsan faktoru ilə işləyirik. Futbol dayanmadan inkişaf edir. Bu gün futbolçunun beyninə də müdaxilə edirlər. Avropada sürətli düşünmə, beyin bacarıqlarının inkişafı üçün böyük bir iş aparılır”.

Sakit Rzayev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan futbolunun Azərbaycan futboluna  inteqrasiyasına səbəb olacaq: “Aşağı yaş qruplarımız da zona yarışlarında iştirak edə biləcək. Biri var Naxçıvan çempionatında oynasınlar, biri də var ən yaxşıları ümumölkə liqalarında oynasın” S.Rzayev 10 illik proqram ərzində əsas hədəflərinin “Araz-Naxçıvan”ın avrokuboklarda oynamaq olduğunu əlavə edib.

Gununsesi.info