Zahid Oruc: ”Yeni elitadan gözləntilər böyükdür” - Azad torpaqlarda, Qarabağda insan haqları tam bərqərar olacaq

  • By admin
  • 07 Aprel 2021 12:05

 

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin dünyada insan haqlarına dair hesabatında Azərbaycan növbəti dəfə kəskin tənqid hədəfində oldu.

Bu hesabatda diqqəti cəlb edən məqamlardan biri kimi ötən baş verən konkret hadisələrin fakt kimi sənədə daxil edilməsi oldu.

Bəs görəsən, Azərbaycan hökuməti bu hesabatda əks olunanları qəbul edirmi və ümumiyyətlə, tənqidlərdən nəticə çıxaracaqmı?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc Gununsesi.infoya müsahibəsində Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı sualları cavablandırıb.

 

– Zahid bəy, Dövlət Departamentinin hesabatı ilə yəqin ki, tanışsınız. Bu hesabatın digər beynəlxalq qurumların hesabatları ilə əsas fərqi orada konkret faktların sadalanmasıdır. Siyasi hakimiyyətin bu faktlarla bağlı arqumenti varmı? Orada əks olunanlar araşdırlacaqmı, yaxud, hər zaman olduğu kimi inkarçı mövqe sərgilənəcək?

–  Əvvala, onu deyim ki, 2019-cu ildə Prezident İlham Əliyevin başladığı yeni hakimiyyət quruculuğu siyasətinin əhatə dairəsi, struktural xarakteri, institutsional mahiyyəti insan haqlarının təminatında da böyük dəyişikliklər yaratdı və istərdik ki, beynəlxalq qurumların yanaşmalarında bu fərq nəzərə alınsın.

İstər kadr,   istərsə  də  sistem xarakterli islahatlar Vətən müharibəsindəki qələbəmizdə də mühüm rol oynadı. Elə olan tədqirdə insan haqları və azadlıqlarının təminatı sahəsində Konstitutsiyanın az qala 40 %-dən artığını  təşkil edən fundamental və törəmə hüquqların hamısında böyük irəliləyşləri görmədən, sovet dövlətinə bəslənən ideoloji klişelər üzərindən qiymət verlməsi ənənəsi qüsurludur. İddia olunan, müxtəlif beynəlxalq hesabatlarda yer alan məsələlər iki fərqli Azərbaycanın mənzərəsini ortaya qoyur.Biz qara boyalarla, hikkələrlə və bəzən açıq siyasi mənafelərlə silahlanan “hüquqi” rəyləri özündə ehtiva edən hesabatlardakı ölkədə yaşamırıq.

Əlbəttə, bir tərəfdən dövlət orqanları  milyonlarla vətəndaşın hüququnu qorumağa çalışır, o biri yandan lokal səviyyədə müxtəlif ranqlarda ayrı-ayrı problemlər yaşanır. Yəni, hüququn, qanunun pozulması faktları sanki bizim qeyd etdiyimiz o böyük hədəflərə çatmağımıza mane olur.

Ona görə də qeyd etdiyimiz kimi  Dövlət Departamentinin  hesabatında yer alan faktlar əlbəttə ki, hər bir ölkədə ayrılıqda baş verə bilər. Onu qəti inkar edənlər hər il dərc olunan hesabatlarda özləri görə bilərlər.Amma dövlətimiz soyuq münsibətlərə rəğmən Vətən müharibəsinin bizim üçün misilsiz əhəmiyyətini nəzərə alaraq, bir qism təşkilatlarla münaqişəli tarixçəni bağlamaq, yeni səhifə açmaq məramı göstərdi. Bilirsiz ki, “Amnesty İnternational” və “Human Rigths Watch” dəvət edildi ki, baş verənləri dəyərləndirsin…

 

– Yeri gəlmişkən, o təşkilatlar Azərbaycanda insan haqlarını tənqid etdiyi üçün hakimiyyət onlarla konfrantasiyada idi. Amma onların Gəncə və Bərdədə mülki əhaliyə qarşı erməni terrroru barədə yazdıqları hesabat obyektiv oldu…

 

Bəli, o beynəlxalq təşkilatlarla da uzun illər sizin qeyd etdiyiniz kimi yumşaq desək, qarşılıqlı inkarçılıq və qəbuletməzlik yaşanıb.  Amma müharibə dövründə istər  “Amnesty İnternational”, istərsə də “Human Rigths Watch”un məlum araşdırması Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi, Ermənistanın əleyhinə çox sərt zərbələrə səbəb oldu və gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsi  və digər ali instansiyalarda milli hüquqlarımızın təmin olunmasında bizim xeyrimizə işləyəcək.

– Bəs, Azərbaycan hakimiyyəti bu təşkilatlarla işləməyə hazırdırmı? Mən insan haqları sahəsindəki mövcud problemlərin həllini nəzərdə tuturam. 

 

– Bəli, mən bu faktları ona görə sadaladım ki, həmin təşkilatlarla yeni münasibətlərin qurulucuğu üçün də  fərqli, təzə bir  yol açıla bilər. Parlamentdə Müvəkkilin məruzəsi ilə bağlı çıxışımda da bunu qeyd etdik. Hesab edirik ki, həmin təşkilatlar da xoş məramlarını göstərərək, yeni dövrə keçid strategiyası ilə bağlı iradələrini ortaya qoymalıdır.

Yaxşı olardı ki, bəzi faktları, ümumi Azərbaycan mənzərəsi kimi göstərməsinlər.Dövlətin üzərinə siyasi ləkələmə niyyətli gəlinməyə son qoyularsa, yüksək demokratik idealara qovuşmağımız üçün xüsusilə də Qələbədən sonra belə perspektivlərə yol açıqdır.

 

–  Söhbətimizin əvvəlində də soruşmuşdum. Hakimiyyər istər Dövlət Departamentinin, istərsə də digər qurumların sənədlərində sadalanan faktları araşdırıb, aradan qaldırmağa hazırdırmı?

– Əlbəttə,  hazırdır. Bu yöndə dövlətin son iki ildə xüsusilə  gerçəkləşdirdiyi siyasətin  ruhuna söykənərək xüsusilə də siyasiləşmiş məsələlər ətrafında  konsensusun tapılması labüddür. Vətən müharibəsindən sonra idarəetmə sistemində, dövlət-vətəndaş münasibətlərində, hüququn hər bir vətəndaş üçün keçərli olması, hakimiyyət institutlarına vətəndaşların inamını qorumaq  və onu Böyük Qayıdışa daşımaq, regional mövqelərini gücləndirmək üçün çox gərəklidir.

Bir daha söyləyirik ki, ənənəvi mövqelərin ortadan qalxması üçün belə olmalıdır. Amma demokratiyaya gedən yol ikitərəfli hərəkət imkanı olan küçə kimi qəbul olunmalıdır. Doğrudur, insan haqları mövzusu milli sərhədləri çoxdan aşıb və ümumdünya fenomeninə çevrilib.Ötən əsrin 80 ci illərində Əfqanıstana tanklarını yeridib antisovet hərbi hərəkatı quuranlar indi onu ali dəyərlər, humanist məqsədlər üzərindən həyata keçirirlər. Ona görə Azərbaycanı hesabatlar üzərindən deyil, yaşadığımız reallıqlardan qiymətləndiririk.

-Azərbaycan Avropa Konvensiyasının ratikasiya etməklə Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyıb. Amma ötən illərin təcrübəsi göstərib ki, dəfələrlə konvensiyanın 5, 6 və sair maddələri pozulub. Hər dəfə də Avropa Məhkəməsi qərarlar çıxarır.  Sizə elə gəlmirmi ki, siyasi iradə olmayacaqsa, hansısa qanunları yeniləməklə, hakimlərə təlim keçməklə həllini tapası məsələ deyil? 

–  20 gün öncə Əfv Komissiyasının geniş tərkibdə iclasları zamanı biz dediyimiz yeni  tendensiyaları, azadfikirliləyə və fərqli baxışlara meydan vermək, yüksək hazırlıq şəraitində hər bir tənqidi mövqeyə hüquq tanımaq məramını göstərdi.Yeni elitanın idarəçiliyə və qərarqəbuletməyə gətirmək istədikləri fərqli mədəniyyət hadisələri şübhəsiz,ictimai münasibətlər sistemində yeni keyfiyyət mərhələsi demək olacaq.Çünki ölkə prezidentinin dediyi kimi, 20-ci əsrin məfkurəsi ilə yaşadğımız dövrdə xalqın tələbələrini qarşılamaq mümkün deyil.Əfv Komissiyası uniekal bir platform kimi müxtəlif hakimiyyət və 3-cü sektoru özündə birləşdirdiyi üçün Samir Nuriyevin hər bir vətəndaş üzərindən bir-birindən əks mövqedə dayanan fikirləri uzlaşdırmaq, eləcə də dövlətin gündəliyinin hədsiz sıxlığı şəraitində nümayiş etdirdiyi dözümlülük, ciddiyət əskər Komissiya üzvləri tərəfindən rəğbətlə qarşılandı və 10 iclasın 35 saatdan artıq çəkməsini yalnız statistik göstərici kimi deyil, vətəndaşların haqlarına hörmət və hakimiyyət şaqulində nümayiş etdirilən siyasi açıqlıq nümunəsi olaarq qəbul etmək gərəkdir. Ona görə də Yeni Elitadan gözləntilər böyükdür.Sosial münasibətlər sistemində hökm sürən fikir axınları izləyən bir Mərkəz sədri olaraq, bunu məsuluyyətlə deyirəm.

Sizin də bir jurnalist olaraq zamanında məruz qaldığınız haqsızlıqlar fonunda müraciət edən digər məhbusla bağlı qərar da bunu sübut edir. Məhkəmə-hüquq sistemində isə dəyişiklik 2017-ci ildən xüsusi olaraq fərqlənir.Azadlıqdan məhrum etməyə alternativ cəzaların bizim hüquq praktikamıza gəlməsi, həbsxanalardakı sıxlığın aradan qaldırılması, qeyri-insani rəftara, ləyaqəti alçaldan münasibətə və digər hadisələrə son qoyulması üçün görülən tədbirlər var. Bunlar sübut edir ki , dövlətin qarşıya qoyduğu ən mühüm hədəf ondan ibarətdir ki, qeyd etdiyimiz beynəlxalq öhdəliklər  yüksək səviyyədə yerinə yetirilir.Bizim də ötən müddətdə xarici təşkilatlardan böyük gözləntilərimiz olub.Ötən 30 il ərzində nə qədər yerinə yetirilməsə də, biz BMT qətnamələri  “silahlanmışdıq”.

Bu gün Azərbaycan ərazi bötüvlüyü məsələsini həll edib. İndi qarşıda əsas hədəfimiz demokratik dövlət quruculuğudur.

–  Yeri gəlmişkən, Azərbaycandan insan hüquqlarına hörmət tələb edən beynəlxalq təşkilatlara işğal faktını qoyurduq. Belə demək mümkünsə, artıq bu bəhanəmiz də yoxdur…

Azad torpaqlarda, Qarabağda insan haqları tam bərqərar olacaq.Ali Baş Komandanın dövlət kursu son 5 ayda dəfərlərlə dünyaya bəyan edilib.  Qanunçuluğun ölkənin milli simasına çevrilməsi bizim daxildə və xaricdə gücümüzü artıracaq.

 

Pərviz Həşimli

Gununsesi.info