Ərdoğandan 104 admiralın bəyanatına MÜNASİBƏT

  • By admin
  • 05 Aprel 2021 23:05

“Bu gün keçirdiyimiz toplantıda iki gündür ölkəmizin gündəmini məşğul edən məsələni geniş şəkildə müzakirə etdik. Gecə yarısı atılan bu etiraz addımı tamamilə pisniyyətli hərəkətdir”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istefada olan 104 admiralın birgə bəyanatına münasibət bildirərkən deyib.
“Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhd zamanı da onların millətimizin yanında dayandıqlarının şahidi olmamışıq”, – o vurğulayıb.
Dövlər başçısı deyib ki, admiralların birgə bəyanat yayması ifadə azadlığı hüququndan istifadə hesab oluna bilməz: “Müzakirənin səbəbi heç bir halda ifadə azadlığı ilə bağlı məsələ deyil. Bəyanatda yazılanların bir qismi müxtəlif səviyyələrdə dilə gətirilib. Onlardan heç biri barəsində açıqlamalarına görə hər hansı istintaq hərəkəti aparılmayıb. Ancaq 104 ehtiyatda olan admiralın gecə yarısı belə bir addım atması qətiyyətn qəbuledilməzdir”.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin istefada olan 104 admiralı birgə bəyanat yayıb. Onlar Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırıblar. İstefada olan admirallar hesab edirlər ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Onlar bildirib ki, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.
Xatırladaq ki, Montrö konvensiyası 1936-cı ildə Türkiyənin Bosfor və Dardanel boğazlarında, Qara dənizədən Aralıq dənizinə kimi su hövzəsində suverneliyinin bərpası haqqındadır. Sənəd 1936-cı il iyulun 21-də İsveçrənin Montrö şəhərində imzalanıb. Konvensiyanı Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Avstraliya, Yaponiya, keçmiş SSRİ və Yuqoslaviya imzalayıb.
Gununsesi.info