Qanunvericilikdə xüsusi icazə anlayışı dəyişdirilir

  • Müəllif: Orxan
  • 18 Sentyabr 2026 11:11

Azərbaycanda bir sıra məcəllə və qanunlarda istifadə olunan “xüsusi icazə” ifadəsinin “icazə” sözü ilə əvəz edilməsi təklif olunur.

Gununsesi.info-nun məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Bununla bağlı Mülki Məcəllədə, Gömrük Məcəlləsində, eləcə də “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik nəzərdə tutulur.

Layihəyə əsasən, Mülki Məcəllədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı müddəalarda hazırda işlədilən “xüsusi icazə” ifadəsi “icazə” ilə əvəz ediləcək. Eyni dəyişiklik həmin əşyalara mülkiyyət hüququna xitam verilməsi ilə bağlı müddəalara da şamil olunacaq.

Oxşar terminoloji dəyişikliklərin Gömrük Məcəlləsinin müvafiq maddələrində də edilməsi nəzərdə tutulur. Beləliklə, gömrük sərhədindən keçirilməsinə icazə tələb olunan mallarla bağlı qanunvericilikdə “xüsusi icazə” əvəzinə “icazə” anlayışından istifadə ediləcək.

Layihə müxtəlif sahələri tənzimləyən digər qanunlarda da eyni terminoloji yanaşmanın tətbiqini nəzərdə tutur. Dəyişikliklər icazə tələb olunan fəaliyyət və əşyalarla bağlı mövcud tələbləri ləğv etmir, əsasən qanunvericilikdə istifadə edilən terminologiyanı vahidləşdirir.

Gununsesi.info