Əsgərlərimizi həyata qaytaran cərrahdan ÜRƏKDAĞLAYAN SÖZLƏR: Şəhidimiz on dəqiqə əvvəl...

  • By admin
  • 27 Sentyabr 2021 14:28

44 günlük Vətən savaşının gizli qəhrəmanları – cəbhə bölgəsinə könüllü yollanan qəhrəman həkimlərimiz…

İgid əsgərlərimizi, torpağın altını, üstünü bəzəyən şəhidlərimizi anarkən, onları da unutmaq olmaz.

Publika.az-ın həmsöhbəti Vətən müharibəsində də, tarixi Zəfərimizdən sonra da azad olunmuş torpaqlarımızda fəaliyyətini davam etdirən cərrah Oqtay Mehtiyevdir.

– Doktor, 1 il öncəni, qızğın savaş dövrünü necə xatırlayırsınız?

– Azərbaycan Tibb Universitetinin dosentiyəm. İllər keçsə də, o günlər yadımızdan çıxmayacaq. Müharibə dönəmində öncə Gəncəyə yollandım. Gəncə Beynəlxalq Hospitalında çalışdım. Oktyabrın 19-da isə Füzuli Diaqnostika Mərkəzində fəaliyyətimi davam etdirdim. Deyə bilərəm ki, bu hospital ən ağır xəstələri qəbul edirdi. Mən də könüllü həkimlərdən ibarət komandamızın rəhbəri idim. Tələbələrimlə birgə həmkarlarımıza çağırış etmişdik. Ordumuza həm tibbi, həm də maddi yardım gostərmək üçün əlimizdən gələni etməyə çalışırdıq. Ön cəbhəyə yaxın ərazilərdə anbarlar qurduq. Sosial şəbəkələrdə yaratdığımız qruplar vasitəsilə tibbi avadanlıqlar və dərmanların cəbhə bölgəsinə daşınmasına nail olduq. Müharibənin ilk dövründə Naftalana daha çox xəstələr gəlirdi. Gedişata uyğun istiqamətimizi dəyişə-dəyişə ordumuza yardım göstərirdik.

– Bir yandan şərəfli tarix yazılır, digər tərəfdən də igid oğullarımız şəhid olur, ağır yaralanırlar. Bu təzadın içərisində təmkinlə fəaliyyətinizi davam etdirmək nə dərəcədə mümkün idi?

– Müharibənin ilk günləri mənim üçün çox çətin idi. Bəli, bilirik ki, müharibədə şəhid də, yaralı da olur. Amma qəlpə yaralarına daha çox rast gəlirdik. Onların dağıdıcı zərbələrinin şahidi olurduq. Çənə nahiyəsi, baş-beyin, qarın boşluğunda zədələnmə olan xəstələri qəbul edirik. Ən dəhşətlisi isə Gəncəyə atılan ballistik raketlərin zərbələrindən ağır yaralanan, həyatını itirən körpələri, günahsız, silahsız insanları görmək idi. Müharibə kişi işidir. Hətta burada belə erməni vandalizmi, vəhşiliyi özünü sübut etdi. Gəncə terrorunda yaralı və şəhid olan dinc əhalinin fotoşəkillərinin müəllifi mənəm. Çünki bu hadisələr zamanı yaralıları bizim hospitala gətirirdilər. Mən də fotolarını telefonla çəkirdim ki, dünya erməni vəhşiliyinə bir daha şahid olsun. Müharibənin ən ağır günləri idi.

– Bu gün şəhidlərimizi anırıq. Yəqin ki, siz və sizin kimi onlarla könüllü həkimimiz qəhrəmanlarımızı hər saat, hər an xatırlayırsınız. Çünki onların şəhadətə ucaldıqları məqama da şahidlik etmisiniz.

– 44 gün ərzində neçə-neçə şəhidimizi hospitalımızda qəbul edirdik. Çoxunun üzünü görmüşəm, yaralarına baxıb ekspertizadan keçirmişik. Artıq 1 il ötüb, amma heç birinin siması gözümün önündən getmir. Şəhidlərimiz hamımız üçün doğmadır. 18-19 yaşlı oğullarımızı cansız görmək çox təsirli idi. Bəzən kütləvi yaralılar gətirirdilər. Hətta bəzən əsgərlərimiz hospitala gətirilərkən yolda şəhid olurdular. Biz onların həyatı uğrunda mübarizə aparırdıq. Gözlərini əbədi yumanda çox məyus olurduq. On dəqiqə əvvəl bu gənc həyatda idi. Sən onun həyatını xilas edə bilməyəndə təbii ki, kədərlənirsən. Bir qədər tez gətirsəydilər, sən həyatını qurtara bilərdin. Əminəm ki, cəbhə bölgəsində çalışan bütün həkimlər şəhidlərimizi göz yaşı ilə yola salırdılar.

– Müharibə həkimlərimiz üçün də olduqca gərgin və məsuliyyətli idi.

– Sutkalarla yatmırdıq. Xəstələrin yaralarının ağırlıq dərəcəsini müəyyən edib təcili yardım göstərməli idik. Heç kim dincəlmək haqda düşünmürdü. Əsas məqsədimiz əsgərlərimizin yanında olmaq idi. Bütün həkimlərimiz vicdanla çalışırdı. Müharibədən sonra da fəaliyyətimizi dayandırmadıq. Könüllü Həkimlər Assosiasiyası olaraq Ağoğlanda Stomatoloji Mərkəz yaratdıq. Doğrudur, infrastruktur tam qurulmasa da, ölkəmiz müharibə şəraitindən yenicə çıxsa da, bir sıra azad olunmuş rayonlarımızın hərbi hissələrinin həyətlərində stomatoloji mərkəzlər yaratdıq. Yanvar ayından isə Şuşada stomatoloji kabinet bərpa etdik. Lakin əsgərlərimizin sağlığında digər problemlər də yaranırdı. Qərar verdik ki, könüllü həkimlərimizlə birgə orada müxtəlif sahələr üzrə kabinetlər yaradaq ki, ordumuzun sağlamlığına tam təminat verək. Hər həftə həkimlərimiz növbə ilə Şuşaya ezam olunur. Xüsusən də müharibə sonrası ordumuzun psixoloji dəstəyə ehtiyacı vardı. Psixoloqlarımız onlara yardım göstərirdilər. Treninqlər keçiririk. Minlərlə əsgərimizə yardım göstərmişik. Onları dərmanla təmin edib, xəstəliklərinin qarşısını almışıq. Fəaliyyətimiz buunla bitmir. Könüllü Həkimlər Assosiasiyası olaraq qazilərimizə, şəhid ailələrinə də ödənişsiz tibbi yardım göstəririk. Bu layihələrimiz daha geniş vüsət alacaq.

– Əminəm ki, Vətən savaşı müddətində xatirinizə əbədi yazılan məqamlar da var.

– 19 yaşlı əsgərimiz hospitala gətiriləndə şəhid olmuşdu. Onu gətirənlər dedilər ki, cəmi 15 dəqiqə əvvəl ürəyi döyünürdü. Bütün kollektivimizlə nə qədər çalışdıqsa, onu həyata qaytara bilmədik. Üzünə baxdım, sanki körpə idi. Tər-təmiz, məsum körpə siması idi.

Ümumiyyətlə, yaralılarımızın əhvalını yüksək tutmaq üçün yalandan deyib-gülürdük, pozitiv əhval yaratmağa çalışırdıq. Amma iş bitəndən sonra stressdən, kədərdən saatlarla danışmırdıq.

Şirin adlı bir yaralımız da vardı. Müharibənin son günü qarın boşluğunda həddən artıq qanaxma ilə gətirilmişdi. Bir dəfə əməliyyatla xilas etdik. Səhərə yaxın yenidən qanaxma başladı. Doğrudur, qan ehtiyatımız çox idi. Amma Şirinin bədənində qan qalmamışdı. Odur ki, birbaşa təzə qan lazım idi. Hospitalın önündə isə həmişə vətəndaşlarımız kömək üçün toplanırdı. Bağçaya çıxıb 2-ci qrup qan lazım olduğunu deyəndə insan seli üstümüzə gəldi. Xalqımızın o birliyini heç vaxt unutmayacam. Hətta bir nəfərdən soruşdum, sizdən nə qədər qan ala bilərəm? Dedi, huşumu itirənə qədər.

Millətimiz qanını, canını əsgərə verməyə hazır idi. Bütün ölkə birləşib yumruq olmuşdu. Bu şərəfli tarixi unutmaq mümkün deyil.

Gununsesi.info