Fazil Mustafadan “möminlərin inancı” anlayışına fərqli baxış

  • Müəllif: Orxan
  • 31 İyul 2026 12:01

Azərbaycan cəmiyyətində son illər dini inanclar, dünyəvilik prinsipi və ifadə azadlığı ətrafında aparılan müzakirələr getdikcə daha çox ictimai və hüquqi müstəviyə daşınır.

Xüsusilə “möminlərin inancı” anlayışının müxtəlif kontekstlərdə işlədilməsi bu ifadənin hüquqi və fəlsəfi məzmunu barədə suallar doğurur.

Millət vəkili Fazil Mustafanın qələmə aldığı aşağıdakı yazıda məhz bu anlayışın sərhədləri, dünyəvi dövlətin mahiyyəti, fərdi inanc azadlığı və ictimai maraqlar arasındakı tarazlıq geniş şəkildə təhlil edilir.

Gununsesi.infosözügedən yazını təqdim edir:

Əlbəttə, istənilən inancın təhqir olunması yanlışdır və zəruri olduqda qanunla cəzalandırılır. Maraqlıdır ki, hər dəfə bu ifadə işlədilərkən xüsisi vurğulanan bir termin də var: Mömin müsəlmanların inancı! Demək ki, başqa inancların da ayrı-ayrı mətnlərdə termin olaraq istifadəsinə yol verilir: kommunistlərin inancı, mömin olmayan müsəlmanların inancı, təriqətlərin, məzhəblərin inancı, feminizstlərin inancı, bütpərəstlərin inancı və s. və ilaxır.

Burada bir mühüm məsələ dəqiqləşdirilməlidir. Təhqir olunan gerçəkdənmi möminlərin inancıdır? Mömin vəsfini üzərinə götürən insan üçün hansı tələblərə əməl etməsinin zəruriliyini heç düşündünüzmü? Hər ibadət edən mömin olsa nəinki İslam arealı, bütün dünya güllü-gülüstan olsun gərək.  Digər yandan inanc yalnız dini xarakter daşımır ki? Tək Tanrı inancından söhbət gedirsə, qanunvericilik belə bir inancı əgər əlahiddə bir statusda göstərirsə, o halda bu mövzuda iddia irəli sürmək mümkündür. Bir sıra İslam və ya Xristian adı ilə özünün siyasi quruluş formasını təyin etmiş dövlətlərdə belə bir qanunvericilik nümunələri var və bir çox insanların da totalitar baxış bucağından ittiham edilərək “dinə qarşı gəlmə”, yaxud da “dini inancları təhqir etmə” adı ilə an ağır cəzalara məhkum olunması bilinməkdədir. Azərbaycan isə 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının 7-ci maddəsinə görə dünyəvi dövlətdir. Yəni Azərbaycan bir İslam dövləti və ya teokratik dövlət deyil. Burada sadəcə İslam inancına sahib olan vətəndaşlar çoxluğu təşkil edir. Demək ki, inanclı insan kateqoriyasına Tək Tanrıçı dinlərə inananlarla yanaşı buddistlər, krişnaçılar, deistlər, ateistlər və s. də daxildir. Dövlət dinin qaydalarını tənzimləmir, sadəcə dünyəvi dövlətdə hər kəsin ictimai qaydaya zidd olmayan dini və ya dinsizlik inancını sərbəst yaşamasına təminat verir. Buradan da göründüyü kimi, son illərdə Azərbaycanda inanclı insan ifadəsi çox ciddi sui-istifadəyə məruz qalmışdır. Bu ifadənin yanlış yorumu məqsədli ideoloji baxışlardan qaynaqlansa da, bəzi savadsız media mənsublarının da tirajlaması nəticəsində daha da yayğınlaşmışdır.  Əsrlər boyu molla, keşiş, ravvin, rahib, şeyx, hacı, kərbəlayi, məşədi, seyid kimi dini-ictimai sinif statusları cəmiyyətin digər təbəqələrindən daha mötəbər məqamlar kimi tanındığından bu proses dini düşüncənin yayğın olduğu bir çox xalqlar üçün də xarakterik olmuşdur.

Təsəvvür edin ki, Hindistanda milyonlarla insan inəyi müqəddəs sayırlar və ona siyatiş edirlər. Hələ müqəddəslik adı ilə kondisionerin suyunu içən qələbəliyi demirəm. Nepalda taxtabitiyə bu cür səcdə edən inanclılar var. Cənub-Şərqi Asiyada siçana səcdə edən inanclılara rast gəlmək mümkündür. İslam arealında da Tək Tanrıçı baxış bucağından Quran ayələrinə istinad edərək onlara söyləsən ki, sənin inancın batildir, bunu nəinki xoş qarşılamazlar, hətta adama asanlıqla xəsarət də yetirə bilərlər.

Düşünün ki, bir hindistanlı köçüb Azərbaycana, müqəddəs saydığı inəyini də götürüb hansısa yolla bura gətirib. İnəyi həyətində tövlədə saxlayıb hər dəfə ona ibadət ritualını gerçəkləşdirsə, kimsənin ona güldən ağır söz demək haqqı yoxdur. Elə ki, inək tövlədən çıxdı, gəlib avtomobillərin hərəkət etdiyi yolun üstündə oturub hərəkətin dayanmasına səbəb oldu, onu kimsə yoldan qovalayıb çıxaranda nə baş verəcək? Yaxud bu inək gedib buynuzu ilə bir vətəndaşı yaralayacaqsa, özünü qorumaq üçün vətəndaş hansısa zəruri müdafiə addımı atacaqsa, o halda bəs nə olur? Hindlinin inancına hörmətsizlik və ya təhqirmi olur?

Bir oğrunun inancı başqasının mülkiyyətinə aid olanı oğurlamaqdır. Evinin içində bu inancı daşıyan şəxsə dövlət bir şey söyləməz. Ancaq başqasının mülkiyyətində olan əşyanı oğurlayanda tutub dərhal cəzalandırar. İndi hərənizin bir din, bir dinsizlik, bir məzhəb, bir təriqət üzərindən özəl inancınız var. Biriniz Quran aşiqi, biriniz Peyğəmbər aşıqi, digəriniz Əhli-Beyt aşiqi, başqası İmam-Zaman aşiqi, o biri də Ayətullah aşiqi, Cübbəli Əhməd və ya başqasının aşiqi. Dünyəvi dövlət deyir ki, bu inanclarınızı  qəlbinizin içində, evinizin içində və ibadətxananızın içində ailə üzvlərinin, çevrənin hüquqlarına müdaxilə etmədən yaşaya bilərsiniz. Əgər sən israrla deyirsən ki, mən bunu teatr düzəldib küçədə də etmək istəyirəm, hamının gözü qarşısında özümü döyüb, başımı yaracağam, çığırıb-bağıracağam, üz-gözümü bağlayıb çevrədə terrorçu şübhəsi yaradacağam, o halda dünyəvi dövlət başqa inanclı vətəndaşların marağını əsas götürərək, bunu ictimai qaydanın pozulması kimi qiymətləndirib, öz tədbirlərini mütləq görəcək.      

Böyük ingilis filosofu, riyaziyyatçı Bertrand Rassel “Siyasi ideallar” əsərindədə deyir ki, öncəliklə din dövlətin müdaxilə etməməli olduğu bir məsələ olaraq tanınmışdır. Qanunlara tabe olduğu müddətcə bir insanın Xristiyan, Müsləman və ya Yəhudi olması cəmiyyəti maraqlandırmaz. Qanunlar da hər dinə mənsub insanın uyğunlaşa biləcəyi şəkildə müəyyənləşməlidir. Burada belə sərhədlər vardır. Hansısa çağdaş dövlət, insan qurban etməyi tələb edən bir dinə xoşgörü ilə  yanaşmayacaqdır. Hindistandaki ingilislər, yerli dini adətlərə qarışmama prinsipinə rəğmən dul qalan qadının ölü əriylə birlikdə yandırılması ənənəsinə  son verdilər. Bəlkə bu adəti əngəlləmələri yanlış sayıla bilər, ancaq hər avropalı böyük ehtimalla eyni şeyi edərdi.

Eyni şeyi Çar Rusiyası da Qafqazı işğal edəndə gerçəkləşdirməyə məcbur oldu. Ənənəvi dinimizin, yəni o dövrün üst möminləri sayılan Molla İbrahimxəlilin, Molla Sadıxın, Şeyx Nəsrullahın arzularının əksinə olaraq qadınların kölə olaraq satışını, yetkinlik yaşına çatmadan nikaha girməsini yasaqladılar, qan intiqamını caiz görən adətləri ləğv edərək dünyəvi hüquq sistemini məcburi bərqərar etdilər. O dövrdə iananclı dediyiniz insanlarımız- yəni baba-nənələrimiz Kefli İsgəndərin sözünə yox, İsfahandan gəlmiş dinimizin lotusu Şeyx Nəsrullaha ali mənəvi instansiya kimi baxırdılar və bu islahatları həyata keçirmək müstəmləkə rejimi üçün də böyük iradə tələb edirdi. İndi reallıqlarımız xeyli dəyişmiş. İnanmıram ki, Sovet dövründə, yəni 1986-cı ildə möhtəşəm aktyor icması ilə dini cəhalətə, xurafata qarşı çəkilmiş sənət incisi olan “Qəm pəncərəsi”nə bənzər filmi müstəqillik dövründə qaragüruhun qorxusundan hansısa rejissor çəkməyə cəsarət etsin. Bu sahədə bir addım irəli, yüz addım geri düşdüyümüz məqamı burada da axtarışınız faydalı olardı.

Yaxud da Nepalda bir hoteldə yaşayan xarici şirkətdə çalışan əcnəbilərdən biri inanclı nepallının yanında bir taxtabitini öldürmüşdü. Ruhunun taxtabitiyə köçdüyünə inanan yüzlərlə nepallı əcnəbini cəzalandırmaq üçün axışıb gəlmişdi hotelin qarşısına. Kütləni sakitləşdirmək üçün taxtabitinin mübarək canına qıymış həmin əcnəbini hökümət ölkədən qovmuşdu.

Anlaşılmayan bir şey qaldımı? Azərbaycanda inanclı insanın sosial, hüquqi, mədəni xarakterli problemləri əlbəttə ola bilər və vardır da! Ancaq hansısa dürüst, siyasətə, ideologiyaya alət olmayan insanın dini inancı ilə bağlı ciddi problem yaşandığını iddia etmək, ABŞ Departamentinin illik dini durumla bağlı hesabat sənədinə material verməkdən və bu adla mühacirətə getməkdən başqa bir niyyət daşıımadığını söyləməyimizə  əsas verir. Çünki minlərlə vətənsevər, dəyərli, ağıllı və əxlaqlı dindar tanıyıram ki, öz dini inancını kimsənin gözünə soxmadan, səviyyəli davranışı ilə cəmiyyətdə etibar qazanan vətəndaşlarımızdır. Başqa ölkənin siyasətinə xidmət etməyi, öz Vətəninin, dövlətinin maraqlarını satmağı möminlərin inancı, din, məzhəb aşiqliyi kimi  gündəmə soxuşduranların da bir dönüb onlara baxması, onları örnək götürməsi çox bəsirətli davranış olardı.

Orxan

Gununsesi.info