“Azərbaycanın 2027-2028-ci illərdə bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlara rəhbərlik etməsi ölkəmizin xarici siyasətində keyfiyyətcə yeni mərhələnin göstəricisidir. Bu mənzərəni yalnız diplomatik təqvimdəki növbəti vəzifələr kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın artan siyasi çəkisinin, beynəlxalq etimadının və regional proseslərə təsir imkanlarının daha geniş coğrafiyada təzahüründən gedir”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:

“Müstəqillik tarixində ilk dəfə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək Azərbaycan 2027-ci ildə Özbəkistanla birlikdə həmsədrlik funksiyasını həyata keçirəcək, 2028-ci ildə isə təşkilata tam sədrlik edəcək. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını formalaşdırır. Bu fakt xüsusi siyasi əhəmiyyət daşıyır. Uzun illər Azərbaycan-Ermənistan münaqişəsi ölkəmizin bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri idi. Münaqişənin başa çatması və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar ölkəmizin regional əməkdaşlıq platformalarında mövqeyini daha da möhkəmləndirib.
Azərbaycanın beynəlxalq gündəmdə artan rolunu yalnız MDB ilə məhdudlaşdırmaq olmaz. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, MDB, eləcə də 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi etmək ölkəmizin diplomatik fəaliyyətinin genişliyini nümayiş etdirir. Bu platformalar coğrafi əhatəsinə, siyasi gündəminə və iştirakçı dövlətlərin maraqlarına görə fərqlənsə də, Azərbaycanın onların hər birində fəal rol oynaması mühüm strateji məna daşıyır.
Sədrlik ölkəmizə beynəlxalq gündəliyin formalaşmasında təşəbbüslərlə çıxış etmək, dövlətlər arasında dialoqu gücləndirmək, iqtisadi və nəqliyyat əlaqələrini genişləndirmək, enerji təhlükəsizliyi, regional sabitlik və humanitar əməkdaşlıq məsələlərində ortaq mövqelərin yaranmasına töhfə vermək fürsəti yaradır. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, nəqliyyat-logistika infrastrukturu və müxtəlif siyasi mərkəzlərlə qurduğu münasibətlər bu imkanlardan səmərəli istifadə üçün mühüm potensial formalaşdırır.
Daha bir diqqətçəkən məqam Azərbaycanın müxtəlif siyasi və coğrafi istiqamətləri birləşdirən platformalarda paralel şəkildə təmsil olunmasıdır. Ölkəmiz Türk dünyasında inteqrasiyanın dərinləşməsinə, Mərkəzi Asiya ilə əlaqələrin möhkəmlənməsinə, islam dövlətləri arasında əməkdaşlığa və Avropa ilə siyasi dialoqa töhfə verə biləcək mövqedədir. Bu, Azərbaycanın xarici siyasətinin yalnız bir istiqamətə söykənmədiyini, milli maraqlara əsaslanan çoxşaxəli diplomatiya üzərində qurulduğunu göstərir.
Şübhəsiz ki, bu qədər beynəlxalq təşkilatda rəhbər vəzifələrin Azərbaycana həvalə olunması ölkəmizin gücünün, diplomatik fəallığının və dünya miqyasında artan rolunun mühüm göstəricisidir. Eyni zamanda, bu etimad böyük məsuliyyət deməkdir. Hər bir sədrlik Azərbaycanın beynəlxalq təşəbbüslərini konkret nəticələrlə əsaslandırmaq, tərəfdaşlar arasında etimadı möhkəmləndirmək və ölkəmizin nüfuzunu daha da artırmaq üçün əlavə imkan yaradır.
Bu baxımdan, qarşıdakı illər Azərbaycan diplomatiyası üçün sadəcə təmsilçilik dövrü deyil, siyasi təşəbbüskarlığın və beynəlxalq əməkdaşlığa töhfənin sınağı olacaq. Azərbaycanın qarşısında duran əsas vəzifə artan beynəlxalq nüfuzu dayanıqlı siyasi, iqtisadi və strateji nəticələrə çevirməkdir. Məhz bu nəticələr ölkəmizin beynəlxalq mövqeyinin möhkəmliyini və qlobal proseslərdə artan rolunun davamlılığını müəyyən edəcək”.










