Həmas Trampın Qəzza planına düzəlişlər istəyir

Həmas rəsmiləri ABŞ prezidenti Donald Trampın Qəzza sülh planında tərksilahla bağlı müddəalara düzəliş edilməsini tələb edirlər.

Qrup rəhbərliyinə yaxın fələstinli mənbə AFP-yə bildirib ki, məsələ ilə bağlı qərar vermək üçün Həmasa “iki-üç gün vaxt lazımdır”.

Məlumata görə, Həmas nümayəndələri Dohada Türkiyə, Misir və Qətər rəsmiləri ilə müzakirələr aparıblar. Trampın, İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən dəstəklənən planı atəşkəsin əldə olunmasını, Həmasın 72 saat ərzində girovları azad etməsini, qrupun tərksilah edilməsini və İsrailin Qəzzadan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.

Lakin fələstinli mənbə deyib ki, Həmas bəzi bəndlərdə, xüsusilə tərksilah və təşkilat üzvlərinin ərazidən çıxarılması ilə bağlı dəyişikliklər tələb edir. Qrup həmçinin “İsrailin Qəzzadan tam çıxması üçün beynəlxalq zəmanət” və sui-qəsdlərin qarşısının alınmasını istəyir.

Danışıqların gedişatından xəbərdar digər mənbələr isə bildiriblər ki, Həmas daxilində bu plana münasibət bölünüb. Bir qrup şərtsiz qəbuldan yana çıxış edir, digərləri isə “vacib maddələrlə bağlı ciddi iradlarını” saxlayır.

 

 

Gülxanım 

Gununsesi.info