2025-ci ilin siyasi mənzərəsinə nəzər salsaq, öncə ABŞ-də keçirilən prezident seçkisi diqqət mərkəzinə düşür.
Dörd il fasilədən sonra yenidən seçilən Prezident Donald Trampın səlahiyyətlərinin icrasına başlaması və bu ölkənin xarici siyasət kursunda radikal dəyişiklər etməsi dünyanın siyasi mənzərəsinə də ciddi təsir edib.
İl ərzində ABŞ-nin Ukraynaya hərbi dəstəyi kəskin azaltması, müharibənin dayandırılması üçün Kiyevə təzyiqlərin başlaması müşahidə olunub.
Gununsesi.info dünya mətbuatının gündəmini zəbt etmiş, siyasət və tarixin axarına təsir göstərmiş ən əhəmiyyətli xəbərləri oxucuların yadına salır.
Qəzzada müharibənin mərhələli şəkildə dayandırılması barədə razılıq
Yanvarın 15-də HƏMAS və İsrail Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin bərqərar olması barədə razılığa gəliblər. Qəzza zolağında atəşkəs razılaşmasının yanvarın 19-dan qüvvəyə minəcəyi məlum olub.
Razılaşmanın birinci mərhələsinin 42 gün davam edəcəyi və bu müddət ərzində növbəti raundun şərtlərinin müəyyənləşəcəyi bəlli olub.
Donald Tramp vəzifəsinin icrasına başladı
Yanvarın 20-də ABŞ-nin 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub.
Tədbir Kapitolidə, Konqresin binasında keçirilib və Trampın sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.
Bu dəyişikliyə əsasən, xarici siyasət Birləşmiş Ştatların qlobal liderliyi prinsipi ilə deyil, “ABŞ hər şeydən əvvəl” formatında həyata keçirilməyə başlayıb.
Ağ Evdə Tramp və Zelenski arasında gərgin görüş
Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə Donald Trampla baş tutan danışıqlarda gərgin anlar yaşanıb.
Yüksək tonlu müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb.
Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və “Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını” söyləyib.
“Müharibənin başlanğıcından bəri əlverişsiz şəraitdəsiniz. Siz minnətdar olmalısınız. İnsanlar ölürlər, sizdə hərbi qüvvələr çatışmır. Siz bizə atəşkəs istəyib-istəmədiyinizi deyə bilməzsiniz. Axmaq prezident (Co Bayden – red.) vasitəsilə sizə 350 milyard dollar, hərbi texnika verdik. Əgər bizim hərbi texnikamız olmasaydı, bu müharibə iki həftədən az vaxtda bitərdi”, – ABŞ prezidenti bildirib.
Zelenski oxşar sözləri Putinin dilindən də eşitdiyini vurğulayıb.
“Bu şəkildə işlər davam edə bilməz”, – deyə Tramp etiraz edib.
İsrail iki aylıq atəşkəsdən sonra Qəzza zolağına hücumlarını bərpa etdi
Martın 18-də İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.
Bildirilib ki, HƏMAS-ın obyektlərinə silsilə zərbələr endirilib.
Hücum nəticəsində Qəzzada minlərlə adam ölüb.












