“Hər bir vətəndaş paylaşım etməzdən əvvəl onun mənəvi və hüquqi nəticələrini düşünməlidir” -PSİXOLOQ ŞƏRH ETDİ

“Sosial şəbəkələr insanların ünsiyyət qurması, məlumat paylaşması və özünü ifadə etməsi üçün böyük imkanlar yaradır. Lakin təəssüf ki, bu platformalarda tez-tez təhqir, böhtan, söyüş, özbaşınalıq və ailə dəyərlərinə hörmətsizlik halları müşahidə olunur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında psixoloq Nuriyyə Vidadi qızı deyib.

“İnsanlar real həyatda deməyə çəkinəcəkləri sözləri onlayn rahatlıqla yazır və paylaşırlar.

Bu, zorakılıq, təhqir və əsassız iddiaların yayılmasına səbəb olur. Nəticədə fərdlərin şərəf və ləyəqəti alçalır, cəmiyyətdə isə agresiya və nifrət mühiti yaranır. Bəzi istifadəçilər milli və mənəvi dəyərlərə zidd məzmun paylaşır, ailə dəyərləri pozulur və sosial nizam zədələnir.

Belə hallar xüsusilə gənclərin tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərir. Sosial şəbəkələrdə yayılan xoşa gəlməz davranışlar cəmiyyətdə narazılıq doğurur. Problemin kökü platformalar deyil, istifadəçilərin məsuliyyətsiz davranışıdır.

Hazırda Azərbaycanda əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir. Bu platformalar düzgün və məsuliyyətli istifadə olunarsa, insanların dünya görüşünü genişləndirmək, faydalı məlumatları paylaşmaq və təhsil imkanlarını artırmaq üçün əla vasitədir.

Qanunvericilikdə edilən dəyişikliklər sosial şəbəkələrdə xoşa gəlməz halları müəyyən qədər azaltsa da, tamamilə aradan qaldıra bilmir. Bunun üçün istifadəçilərin kimliyinin bilinməsi, uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlərin tətbiqi və məsuliyyətli paylaşım vərdişlərinin təşviqi vacibdir.

Yeni qanunlar sosial şəbəkələrdə əxlaqsız ifadə, bədənin hissələrinin etik normalara zidd nümayişi və böhtana görə cərimə və həbs tədbirlərini nəzərdə tutur. Bu addımlar müəyyən təsir göstərə bilər, amma sosial platformalarda mənəvi və maddi maraqların üst-üstə düşməsi səbəbindən tam effektiv olmaq çətindir”.

Psixoloq vurğulayıb ki, hər bir vətəndaş paylaşım etməzdən əvvəl onun mənəvi və hüquqi nəticələrini düşünməli, cəmiyyətin və ailə dəyərlərinin qorunmasına diqqət yetirməlidir.

“Yalnız bu halda sosial şəbəkələr sağlam və təhlükəsiz informasiya mühitinə çevrilə bilər”,-deyə o fikirlərini yekunlaşdırıb.

 

 

Şəbnəm

Gununsesi.info