İranda qadağan olunmuş müxalif “Xalqın Mücahidləri Təşkilatı” ilə əlaqəli olduqları iddiası ilə iki nəfər edam edilib.
Gununsesi.info xəbər verir ki, məhkəmə orqanlarının məlumatına görə, həmin şəxslər paytaxt Tehranda əl istehsalı bombadan istifadə edərək silahlı hücumlar planlaşdırmaqda ittiham olunublar.
Səlahiyyətli qurumlar edam edilən şəxslərin kimliyi və nə vaxt saxlanıldıqları barədə əlavə məlumat verməyib.
Bu edamlar, ABŞ və İsrailin hücumları ilə üzləşən ölkədə son dövrlərdə ölüm hökmlərinin artması ilə bağlı müzakirələr fonunda baş verib.
Mart ayının əvvəlində hökumətə qarşı etiraz aksiyaları ilə əlaqəli olduqları iddia edilən üç nəfərin Qum şəhərində edam edildiyi açıqlanmışdı.
Həmçinin martın 18-də İsrail adına casusluq etdiyi iddiası ilə Kuroş Keyvani adlı bir şəxsin də edam olunduğu bildirilmişdi.
İnsan hüquqları təşkilatları bildirir ki, İranda son bir ildə edam hökmlərinin sayı ciddi şəkildə artıb.












