Xocalının 6 kəndinə 41 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu gün respublikanın müxtəlif yerlərində – əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.

Bu mərhələdə Badara kəndinə 10 ailə – 33 nəfər, Təzəbinə kəndinə 10 ailə – 60 nəfər, Xanabad kəndinə 9 ailə – 33 nəfər, Ballıca kəndinə 4 ailə – 22 nəfər, Xanyurdu kəndinə 4 ailə – 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə – 13 nəfər köçürülür.

Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.