3 yaşı tamam olanadək uşağa qulluq edən valideynin sosial məzuniyyət müddəti əmək stajına daxil edilə bilər.
Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Belə ki, uşağa 3 yaşı tamam olanadək qulluq edən şəxslərin sosial məzuniyyət müddətinin əmək stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik təklif olunur.
Təklifə əsasən, uşağa birbaşa qulluq edən valideynlərdən birinin və ya ailənin digər üzvünün götürdüyü qismən ödənişli sosial məzuniyyət dövrü də məzuniyyət hüququ verən əmək stajına daxil ediləcək.
Dəyişiklik qəbul olunsa, uşağa qulluq məqsədilə işdən müvəqqəti ayrılan şəxslərin həmin müddətdə əmək stajı qorunacaq və bu hal onların gələcək əmək hüquqlarına mənfi təsir göstərməyəcək.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan Əmək Məcəlləsinə görə, qismən ödənişli sosial məzuniyyət müddəti əmək məzuniyyəti hüququ verən əmək stajına daxil edilmir.
Bununla yanaşı, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlərin görülməsi də hədəflər arasındadır.











