İran rejimi maliyyələşdirmək üçün “Binance” vasitəsilə milyardlarla dollar köçürüb

Dünyanın ən böyük kriptobirjası olan “Binance” vasitəsilə Tehranın sanksiyalardan yayınmasını təmin edən əsas şəxslərdən biri hesab olunan iranlı iş adamı Babək Zəncanı ilə əlaqəli şəbəkə fəaliyyət göstərə bilərdi.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Təhqiqatın məlumatlarına görə, son 2 il ərzində bu şəbəkənin hesablarından kriptovalyuta ilə təxminən 850 milyon dollar keçib. Sanksiyalar üzrə ekspertlərin və mənbələrin iddialarına görə, vəsaitlərin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli strukturların maliyyələşdirilməsinə yönəldilə bilərdi.

Qeyd olunur ki, “Binance” şübhəli aktivlik barədə daxili xəbərdarlıqlar qeydə alsa da, bəzi hesablar daha bir neçə ay fəaliyyətini davam etdirib. Onların arasında “Zedcex” kriptoşirkətinin hesabları və Zəncaninin ətrafındakı şəxslər qeyd olunur. “Binance” şirkətinin hesabatlarına əsasən, şübhəli fəaliyyətlə bağlı çoxsaylı daxili xatırlatmalardan sonra belə, əsas hesab ən azı 15 ay ərzində fəaliyyətini davam etdirib və yanvar ayına olan məlumata görə hələ də açıq qalıb.

“Binance” isə ittihamları rədd edərək bəyan edib ki, birja sanksiya tətbiq edilmiş şəxslərlə əməliyyatların aparılmasına yol vermir və son illərdə komplayens, həmçinin çirkli pulların yuyulmasına qarşı mübarizə sistemini əhəmiyyətli dərəcədə gücləndirib.

 

 

Gununsesi.info