“Məktəbdən ayrılan müəllimlər yenidən müsabiqə ilə işə qayıda bilər”

“Elm və Təhsil Nazirliyi imtahandan kəsilən müəllimlərə demir ki, əmək müqavilənə xitam verilir və sən artıq bir daha məktəblərə qayıda bilməzsən. Belə bir yanaşma yoxdur”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib:

“Əmək müqaviləsinə xitam verilən, yəni məktəbdən ayrılan müəllimlər yenidən MİQ imtahanına hazırlaşaraq vakansiyalara müraciət edə, müsabiqədən uğurla keçə və qəbul olunduqları halda təkrar orta ümumi təhsil məktəblərində fəaliyyət göstərə bilərlər. Yəni onlar MİQ imtahanında iştirak edəcək, müsabiqə mərhələsini uğurla keçəcək və qəbul olunduqları halda yenidən tədris prosesinə qoşula biləcəklər. Bu imkanlar həmin müəllimlər üçün açıqdır.

Əgər bir şəxs müəllimlik ixtisasını bitiribsə və illərlə bu sahədə çalışıbsa, düşünürəm ki, nə MİQ, nə də sertifikasiya imtahanından qorxmamalıdır. Amma müəllim öz üzərində işləmək istəmirsə, ixtisasını inkişaf etdirmirsə və ya tənbəllik edirsə, düşünürəm ki, onun təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərməsi arzuolunan deyil.

Həmin şəxslərlə bağlı həm Elm və Təhsil Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür. Məsələn, Elm və Təhsil Nazirliyi müxtəlif sahələrdə həmin müəllimlərin işlə təmin olunmasına çalışır. Amma bunun nə qədər uğurlu olacağı və neçə faizi əhatə edəcəyi barədə hazırda konkret fikir söyləmək mümkün deyil. Çünki birinci mərhələ sertifikasiya imtahanı məhz bu il yekunlaşır”.

Ekspertin fikrincə, növbəti mərhələlərdə yəqin ki, bu məsələlərə daha çox diqqət ayrılacaq:

“Söhbət 10 minə yaxın müəllimdən gedir. Hər birinin ailəsi, övladı və ehtiyacları var.

Bunu hamımız anlayırıq və nəzərə almalıyıq. Amma həmin müəllimlər də qəbul etməlidirlər ki, öz üzərlərində işləməli, özlərini təkmilləşdirməlidirlər. Əgər təhsilimizin inkişafını və tərəqqisini istəyiriksə, müəyyən sərt qaydalar tətbiq olunmalıdır.

Bu qaydalar müəllimlər tərəfindən də nəzərə alınmalıdır. Müəllim özünü təkmilləşdirməli, davamlı inkişaf etdirməlidir. Dövr dəyişir, dünya dəyişir.

Artıq süni intellekt dövrüdür. Şagird müəllimin verdiyi bilikdən daha artığını sosial platformalarda əldə edirsə, əlbəttə, burada müəllim də düşünməlidir. Müəllim müasir texnologiyalarla işləmək bacarığına malik olmalı, öz ixtisası üzrə bilik və bacarıqlarını mükəmməl səviyyədə bilməli, özünü davamlı şəkildə inkişaf etdirməlidir.

Özünü təkmilləşdirməyən, davamlı inkişaf etdirməyən müəllim, düşünürəm ki, artıq şagird qarşısına çıxmamalıdır. Mənim fikrim bu yöndədir. Əgər müəllim şagird qarşısına çıxırsa, mütləq özünü inkişaf etdirməlidir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info