İcbari tibbi sığorta ilə ginekomastiya əməliyyatı mümkündür? - ƏTRAFLI

Kişilərdə süd vəzisinin anormal böyüməsi ilə xarakterizə olunan ginekomastiya diaqnozu ilə bağlı vətəndaşları sevindirəcək mühüm xəbər var. Uzun müddətdir bu əməliyyatın icbari tibbi sığorta hesabına aparılıb-aparılmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, məsələyə aydınlıq gətirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaynar xəttindən verilən məlumata görə, ginekomastiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Əməliyyat tibbi göstəriş olduqda və müvafiq göndəriş əsasında icra edilir.
Məlumata əsasən, vətəndaş ilk növbədə yaşadığı ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət etməli, müvafiq həkim müayinəsindən keçməlidir. Həkim tərəfindən aparılan müayinə və zəruri diaqnostik prosedurlardan sonra xəstəyə ginekomastiya diaqnozu təsdiqlənərsə və cərrahi müdaxiləyə tibbi zərurət müəyyən olunarsa, pasiyent üçün rəsmi göndəriş hazırlanır.
Qaynar xəttdən bildirilib ki, əməliyyat məhz bu göndəriş əsasında Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həyata keçirilir. Bu isə o deməkdir ki, vətəndaş tibbi göstəriş olduqda əməliyyatı öz vəsaiti hesabına etdirmək məcburiyyətində qalmır və icbari tibbi sığortanın təmin etdiyi imkanlardan yararlana bilir.
Endokrinoloqlar bildirirlər ki, ginekomastiya təkcə estetik görünüşlə bağlı problem deyil. Xəstəlik süd vəzisində ağrı, həssaslıq, toxunarkən narahatlıq, gündəlik həyat keyfiyyətinin aşağı düşməsi, fiziki aktivlik zamanı narahatlıq və psixoloji gərginlik yarada bilər. Bəzi hallarda isə bu vəziyyət hormonal pozğunluqların, dərman preparatlarının təsirinin və ya digər xəstəliklərin əlaməti ola bilər. Məhz buna görə də belə hallarda həkim müayinəsi və düzgün diaqnostika xüsusi əhəmiyyət daşıyır.
Həkim cərrahlar is bildirirlər ki, süd vəzisində böyümə, ağrı, bərkimə, asimmetriya və ya digər narahatedici əlamətlər müşahidə edildikdə özbaşına müalicəyə cəhd göstərmək əvəzinə, vaxtında tibb müəssisəsinə müraciət etmək lazımdır. Erkən diaqnostika həm xəstəliyin səbəbinin müəyyən edilməsinə, həm də uyğun müalicə üsulunun seçilməsinə imkan yaradır.
Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində əməliyyatın həyata keçirilməsi üçün əsas şərtlərdən biri tibbi göstərişin olması və göndəriş sisteminin tələblərinə əməl edilməsidir. Buna görə də vətəndaşların əvvəlcə dövlət tibb müəssisəsində müayinədən keçməsi və həkimin rəyini alması vacibdir.
Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaynar xəttindən verilən məlumata əsasən, ginekomastiya əməliyyatı icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir və müvafiq göndəriş əsasında Agentliyin müqaviləli özəl tibb müəssisələrində icra olunur.
Vüsal Artyom