Şair Aqşin Yenisey Azərbaycan mədəniyyətinin mövcud vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, o hesab edir ki, ölkənin mədəni sistemi çağdaş dövrün tələblərindən “121 il geridədir” və bu vəziyyət dəyişmədiyi halda “Azərbaycan mədəniyyəti – 2040” kimi konsepsiyalar real nəticə verməyəcək.
Aqşin Yenisey fikirlərini əsaslandırarkən 1906-cı ildə Lunaçarski, Maksim Qorki və Aleksandr Boqdanovun təməlini qoyduğu “Proletkult” (Proletar Mədəniyyəti) hərəkatına istinad edib.
Onun sözlərinə görə, bolşevik inqilabından sonra bu hərəkat sənət vasitəsilə ictimai fikri formalaşdırmaq məqsədi daşıyır, fəhlə və kəndlilərdən yeni mədəni elita yaratmağa çalışırdı.
Yazıçı bildirib ki, Proletkult sənəti elm, texnika və istehsalatla əlaqələndirərək yaradıcılığı fərdi deyil, kollektiv və sinfi hadisə kimi təqdim edirdi.
Onun fikrincə, bu modelin məqsədi fərdi sənətkarları önə çıxarmaqdan daha çox ideoloji baxımdan formalaşdırılmış kütləvi mədəniyyət yaratmaq idi.
Aqşin Yenisey “Bəxtiyar” filmindəki “Hüseynova bacıları” obrazını bu yanaşmanın simvolu kimi göstərərək iddia edib ki, həmin model bu gün də Azərbaycan mədəniyyətində yaşamaqdadır.
Onun fikrincə, hazırda “mədəni dəyərlər” kimi təqdim olunan bir çox yanaşmalar estetik deyil, sovet dövrünün ideoloji məqsədləri üçün formalaşdırılmış Proletkult irsidir.
Yazıçı hesab edir ki, sovet hakimiyyəti dövründə formalaşan bu mədəni model bu gün də alternativ yanaşmaların inkişafına mane olur.
O bildirib ki, inzibati imkanlardan istifadə etməklə fərqli baxışlar sıxışdırılır və nəticədə mədəni mühit yenilənmir.
Aqşin Yenisey sonda vurğulayıb ki, dəyərlər sistemi dəyişmədikcə mədəniyyətin də yenilənməsi mümkün olmayacaq və cəmiyyət XXI əsrdə də Proletkult irsinin təsiri altında qalacaq.












