Şərif Ağayar: Taleh Yüzbəyovun reklam çarxı məhkəmə qərarı ilə silinə bilər

  • By Admin2
  • 16 İyul 2026 10:58

Yazıçı Şərif Ağayar aktyor və rejissor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxı ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, reklamla bağlı paylaşımları və şərhləri oxuduqdan sonra qarşıdurmada olan hər iki tərəfin tutarlı arqumentlər irəli sürdüyü qənaətinə gəlib.

Onun fikrincə, əsas problem reklamın məzmunundan daha çox təqdimat üslubundadır.

Şərif Ağayarın sözlərinə görə, reklam çarxında kadrarxası səs müəllif kimi ekran təhkiyəsinə müdaxilə edir, tərəf tutur, tamaşaçını müəyyən istiqamətə yönləndirir və estetik əməliyyat etdirən qadınlara qarşı açıq şəkildə aşağılayıcı mövqe nümayiş etdirir.

Yazıçı hesab edir ki, kadrarxası şərh olmasaydı və qadınlar arasındakı fərq yalnız vizual təsvirlə təqdim edilsəydi, nəticə çıxarmaq tamaşaçının ixtiyarına buraxılar, reklam daha çox sənət yönümlü təsir bağışlayar, bu qədər narazılıq doğurmaz və Taleh Yüzbəyovun rejissor-aktyor reputasiyası kommersiya layihəsi səbəbindən müzakirə mövzusuna çevrilməzdi.

Şərif Ağayar əlavə edib ki, əgər kommersiya maraqları sənət və peşəkar karyeradan üstün tutulursa, məsələyə fərqli yanaşmaq olar. Bununla belə, o, bu seçimin də etibarlı olmadığını vurğulayıb.

Yazıçının fikrincə, qadın hüquqları sahəsində fəaliyyət göstərən şəxslər və təşkilatlar məhkəməyə müraciət etməklə reklam çarxının müxtəlif platformalardan silinməsinə nail ola bilərlər.

Elmar

Gununsesi.info