“Azərbaycan İsrail–Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Fələstin məsələsində qərəzli mövqe tutduğunu iddia edənlər ölkənin Fələstin dövlətinə göstərdiyi yardımlara və müxtəlif beynəlxalq təşkilatlarda onun hüquqlarının müdafiəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə diqqət yetirməlidirlər”.
Bunu Gununsesi.info–ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:
“Azərbaycanın Yaxın Şərqdə apardığı fəal diplomatiya ikitərəfli görüşlər və beynəlxalq təşəbbüslərlə daha da genişlənir. Qəzza zolağında hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan dəfələrlə atəşkəsin əldə olunması və münaqişənin dayandırılması ilə bağlı çağırışlar edib.
Bununla yanaşı, Azərbaycan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri olub və bu məsələ ilə bağlı keçirilən forumda iştirak edib. Bu baxımdan, Azərbaycanın gələcəkdə Qəzzanın yenidən qurulması layihələrində iştirak etməsi mümkün görünür.
Azərbaycanla Fələstin arasında diplomatik-siyasi, iqtisadi-ticarət və mədəni sahələrdə əməkdaşlıq mövcuddur. Bu əlaqələr hələ geniş miqyaslı olmasa da, davamlı şəkildə inkişaf edir”.
Şəbnəm












