Ankarada helikopter qəzası – polkovnik öldü - YENİLƏNİB

  • Müəllif: Orxan
  • 22 İyul 2026 14:26

Türkiyənin paytaxtı Ankarada qəzaya uğrayan təlim helikopterinin pilotu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə səhər saatlarında Ankaranın Sincan rayonunun Temelli məhəlləsi yaxınlığında baş verib.

Məlumata görə, TUSAŞ-a məxsus R-44 tipli təlim helikopteri naməlum səbəbdən yol kənarındakı boş əraziyə düşüb. Hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində yaralanaraq xəstəxanaya çatdırılan ehtiyatda olan hərbi pilot, polkovnik Yasaözden Bakkal həkimlərin səylərinə baxmayaraq vəfat edib. Qəzada yaralanan digər şəxs – Hərbi Hava Qüvvələrinin mayoru Bilgəhan Kurtoğlunun müalicəsi isə davam etdirilir.

Ankara Valiliyi bildirib ki, qəzanın səbəbinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı Ankara Qərb Respublika Prokurorluğunda cinayət işinin başlandığını açıqlayıb. Onun sözlərinə görə, istintaq bir baş prokuror müavininin koordinasiyası ilə iki prokuror tərəfindən bütün istiqamətlər üzrə davam etdirilir.

***
Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb.

Gununsesi.info  xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunun Temelli ərazisində baş verib.

Məlumata görə, təlim məqsədilə uçuş həyata keçirən helikopter tarlaya düşüb. Hadisə yerinə çoxsaylı xilasedici, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralıların vəziyyəti və qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Gununsesi.info