“Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi”.
Gununsesi.info xəbər verir ki, bunu “Teleqraf”ın Mərkəzi Aran bürosuna açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov deyib.
Ata Xalid Əzizov dünyasını dəyişən qızı Mədinənin Yevlax şəhər 10 saylı tam orta məktəbinin şagirdi olduğunu və yeni tədris ilində 11-ci sinifdə təhsilini davam etdirəcəyini bildirib:
“Çox təəssüf ki, qızımın arzuları yarımçıq qaldı. Hələ də özümüzə gəlməmişik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik. Tək bildiyimiz odur ki, dünyasını dəyişdiyi vaxt xalası evində qonaq olub. Çörək yeyib, badımcan bişiriblərmiş. Bir müddət sonra halı pisləşib və qusmağa başlayıb. Durumunun ciddiliyini görüb onu xəstəxanaya çatdırıblar. Amma ilkin müayinə zamanı övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik ki, Mədinənin nədən, məhz hansı qidadan zəhərləndiyi bilinsin”.
Xalid Əzizov qızının zəhərlənməsinə mağazadan alınan suxarinin də səbəb ola biləcəcəyini ehtimal edir:
“Mağazadan alınan qida, suxari də ağır zəhərlənməyə təsir etmiş ola bilərdi. Bu kimi suallara yalnız rəsmi formada aydınlıq gətirildikdən sonra cavab tapa biləcəyik.
Fəhlə adamam. Ailəmi, övladlarımı dolandırmaq üçün bütün günü işləyirəm. Hadisə baş verdiyi anlarda da işdə olmuşam. Hazırda o qədər üzgünəm ki, nəyin necə baş verdiyini anlamaqda belə çətinlik çəkirəm”.
Qeyd edək ki, Yevlax şəhərində, şəhid Hüseyn Cəbrayılov küçəsində yaşayan Əzizovlar ailəsinin 4 övladı var. Onların ikisi oğlan, ikisi isə qızdır.











