Laçında “Simurq” kitabxanası bağlanır - Yazıçılardan etiraz…

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 09:14

Laçın şəhərində fəaliyyət göstərən “Simurq” kitabxanasının bağlanacağı açıqlanıb. Kitabxananın fəaliyyətinin artıq 6 aydır dayandırıldığı, hazırda isə müəssisənin tamamilə bağlanması ilə bağlı qərar verildiyi bildirilib.

Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü ildə Laçın şəhərində yaradılıb.

Qısa müddət ərzində kitabxananın rayonun mədəni-maarif ocaqlarından birinə çevrildiyi qeyd olunur.

Məlumata görə, kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Yazıçılar Birliyi, M.F. Axundov adına Milli Kitabxana, eləcə də yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddətdə kitabxanada 4 minə yaxın kitab toplanıb.

Kitabxananın bağlanması ilə bağlı yayılan açıqlamada qeyd olunur ki, Laçının yenidən qurulduğu və sakinlərin şəhərə qayıtdığı bir dövrdə belə bir mədəni-maarif ocağının fəaliyyətinin dayandırılması təəssüf doğurur.

Açıqlamada kitabxananın bağlanmasının yalnız bir müəssisənin fəaliyyətinin dayandırılması olmadığı, şəhərin formalaşan mədəni həyatında mühüm bir ünvanın itirilməsi olduğu vurğulanıb.

Gununsesi.info  xəbər verir ki, məsələ ilə bağlı yazıçı Nadir Yalçın da mövqeyini bildirib.

O, kitabxananın bağlanmasına münasibət bildirərək istehza ilə yazıb:

“Bağlayın, bağlayın, yerinə kababxana açın, harda işıq gördünüz, barmağınızı tıxayın dibinə kimi”.

O cümlədən şair Şəhanə Müşfiq də məsələyə belə mövqe bildirib:

“Biz yazılarımızda, çıxışlarımızda kitabı, kitabxanaları təbliğ edək, mütaliənin faydalarını bar-bar bağıraq, aidiyyatı qurumlar da azad Laçının ilk maarif qaranquşunu- kitabxanasını bağlasın ki, lazım deyil! Səbəb nədir bilmirəm, bilmək də istəmirəm. Bildiyim tək şey odur ki, kitabımız bağlanır!”.

Qeyd edək ki, hazırda kitabxananın 4 minə yaxın kitabdan ibarət fondunun taleyi ilə bağlı əlavə məlumat verilməyib.

Orxan
Gununsesi.info