Sabiq deputat Etibar Əliyev Nabranda yerləşən “Star” sanatoriyasında üzləşdiyi xoşagəlməz hallarla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev yazıb ki, tələbə yoldaşı, Almaniyada yaşayan alim və müəllim Dr. Rəna Cəfərova 1995-ci ildən Reyn-Vestfaliya Texniki Universitetində yarımkeçiricilər fizikasını, Hagen Universitetində, 2005-ci ildən isə Almaniyadakı gimnaziyalardan birində riyaziyyat və fizika fənlərini tədris edir.
Onun sözlərinə görə, Rəna Cəfərova mütəmadi keçirdiyi mühazirələrdə Azərbaycanı da layiqincə təmsil edir.
Etibar Əliyevin sözlərinə görə, hazırda Bakıda olan Rəna Cəfərova xalası ilə birlikdə üç günlük istirahət üçün Nabrana gedib.
O, “Star” sanatoriyasında qalarkən antisanitariya və kobud rəftarla qarşılaşıb.
“İlk gündən bu hallara narazılığını bildirib və geri dönmək üçün ödənilən məbləğin qaytarılmasını tələb edib. Yüksək mədəniyyət daşıyıcısı olan bu qadına ödənilən məbləği qaytarmaq əvəzinə deyiblər ki, kimə istəyirsən şikayət edə bilərsən”, – sabiq deputat qeyd edib.
Etibar Əliyev aidiyyəti qurumlara müraciət edərək “Star” sanatoriyasında baş verdiyi iddia olunan halların araşdırılacağına ümid etdiyini bildirib.
“Aidiyyəti qurumlar görəsən adını çəkdiyim ‘sanatoriya’da bu cür xoşagəlməz halı araşdıracaqlarmı? Hər halda mən ümidimi itirmirəm”, – deyə o yazıb.
Qeyd edək ki, paylaşımda sanatoriyada antisanitariya və kobud rəftarla bağlı səsləndirilən iddialara qarşı tərəfin münasibəti yer almayıb.
Elmar












