“Moskva üçün problem artıq yalnız Kuril adaları deyil” -ŞƏRH

“Dünən Rusiya Prezidenti Vladimir Putin Sakit okean donanmasının geniş hərbi təlimlərinin yekun mərhələsində “Varyaq” raket kreyserinin bortunda çıxış edərkən bildirib ki, “NATO Asiya-Sakit okean bölgəsinə nüfuz edir və orada yeni silahlar yerləşdirmək planları Rusiya üçün təhlükə yaradır”. Rusiya Prezidenti eyni zamanda Yaponiyanın siyasətini tənqid edib və onun Kuril adaları ilə əlaqədar iddialarına münasibət bildirib.

Putinin çıxışında toxunduğu məsələlərin arxasında real proseslər dayanır. Belə ki, NATO Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiyanı Hind-Sakit okean regionundakı tərəfdaşları kimi qəbul edir və açıq şəkildə Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizliyinin bir-biri ilə əlaqəli olduğunu bildirir”.

Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Daha maraqlısı isə əməkdaşlığın artıq yalnız siyasi dialoq səviyyəsində qalmamasıdır. 2026-cı ilin mayında NATO-nun müdafiə sənayesi və yeniliklər üzrə nümayəndəsi Yaponiyaya və Cənubi Koreyaya səfər edib. Tərəflər birgə istehsal, birgə silah hazırlanması, müdafiə texnologiyalarının inteqrasiyası və ümumi standartların tətbiqi məsələlərini müzakirə ediblər. NATO bunu daha güclü müdafiə-sənaye bazasının yaradılması məqsədi ilə əlaqələndirib.

İyul ayında NATO baş katibi Mark Rutte Yaponiyanın müdafiə naziri Şinjiro Koizumini Brüsseldə qəbul edib. Görüşdə müdafiə sənayesi, Ukraynaya dəstək və Avro-Atlantik təhlükəsizliklə Hind-Sakit okean təhlükəsizliyi arasındakı əlaqə müzakirə olunub.

Buna görə də Putinin “NATO Asiya-Sakit Okean bölgəsinə nüfuz edir və orada yeni silahlar yerləşdirmək planları Rusiya üçün təhlükə yaradır” ifadəsi siyasi baxımdan mübahisəli olsa da, onun istinad etdiyi proses tamamilə realdır. NATO Asiyada klassik mənada yeni üzvlük sistemi yaratmır, amma öz tərəfdaşları ilə hərbi-siyasi və müdafiə-sənaye əlaqələrini daha sıx inteqrasiya edir.

Rusiyanı da ən çox narahat edən budur. Ümumiyyətlə, Rusiya NATO-nun istənilən addımından narahatdır və onu özü üçün təhlükə hesab edir. Burada maraqlı cəhətlərdən biri kimi Yaponiya məsələsinin xüsusi qabardılmasını göstərmək olar.

Rusiya lideri Moskvanın Tokioya qarşı ərazi iddiasının və təhlükə yaratmaq niyyətinin olmadığını bildirib, eyni zamanda Yaponiyanın Kuril adaları ilə bağlı Rusiyaya ərazi iddialarını xatırladıb. O, keçmiş baş nazir Şinzo Abe ilə Rusiya arasında konstruktiv münasibətlərin olduğunu, lakin Tokionun sonradan mövqeyini dəyişdiyini deyib.

Bu, Moskvanın Yaponiyanı artıq yalnız “Qərbin Ukrayna məsələsində Rusiyaya qarşı sanksiya tətbiq edən ölkəsi” kimi deyil, Sakit okeandakı təhlükəsizlik arxitekturasının bir elementi kimi qəbul etdiyini göstərir.

Tokionun mövqeyindəki dəyişiklik də realdır. Yaponiya 2026-cı ildə Ukraynaya dəstəyi davam etdirəcəyini və Rusiya əleyhinə sanksiyaları beynəlxalq tərəfdaşlarla koordinasiya edəcəyini açıq şəkildə bildirir. Yaponiya həmçinin NATO-nun Ukraynaya yardım mexanizmlərində iştirakını genişləndirib. May ayında Tokio NATO-nun Almaniyadakı Ukraynaya təhlükəsizlik və təlim yardımına cavabdeh komandanlığına öz şəxsi heyətini göndərib”.

Politoloq hesab edir ki, Moskva üçün problem artıq yalnız Kuril adaları deyil:

“Problem Yaponiyanın Rusiya ilə münasibətlərində “strateji məsafə” siyasətindən uzaqlaşaraq ABŞ və NATO ilə təhlükəsizlik inteqrasiyasını dərinləşdirməsidir.

Lakin Putinin çıxışında Kuril adalarının xatırlamasının başqa bir mühüm tərəfi də var. Məlumdur ki, Rusiya–Yaponiya münasibətlərində Kuril adaları məsələsi uzun illər diplomatik mübahisə olaraq qalsa da, indi onun hərbi-strateji əhəmiyyəti artır. Cənubi Kuril adaları həm Oxot dənizinə, həm də Sakit okeanın şimal hissəsinə çıxış baxımından Rusiyanın Sakit okean müdafiə sistemində əhəmiyyətli mövqeyə malikdir. Bu səbəbdən Moskva Yaponiyanın ərazi iddialarını yalnız diplomatik problem kimi deyil, potensial hərbi-strateji risk kimi qiymətləndirir”.

 

 

Şəbnəm

Gununsesi.info