Tramp Ağ Evdə 600 milyon dollarlıq hərbi baza tikir

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 23:28

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə planlaşdırdığı zal və yeraltı kompleks layihəsinin dəyəri 600 milyon dollara yüksəlib.

Gununsesi.info  xəbər verir ki, əvvəlcə 200 milyon dollar qiymətləndirilən layihənin dəyəri daha sonra 400 milyon, son olaraq isə 600 milyon dollara çatıb. “The Washington Post”un məlumatına görə, layihənin özəl vəsait hesabına maliyyələşdirilməsi nəzərdə tutulsa da, xərclərin təxminən yarısının vergi ödəyicilərinin üzərinə düşəcəyi bildirilir. Layihənin tərkibinə hərbi səviyyəli bunker və təhlükəsizlik infrastrukturu ilə yanaşı, yeraltı kompleksin də daxil ediləcəyi qeyd olunur. Bundan başqa, Ağ Ev ərazisində helikopter meydançası, ziyarətçilərin yoxlanılması mərkəzi və Gül bağının yenilənməsi kimi layihələrə də ən azı 300 milyon dollar xərclənməsi planlaşdırılır. Layihənin hüquqi taleyi isə hələlik qeyri-müəyyəndir. Federal apellyasiya məhkəməsinin layihənin Konqresin təsdiqini tələb etdiyi barədə qərarından sonra proses dayandırılıb və Tramp administrasiyasının məsələ ilə bağlı Ali Məhkəməyə müraciət etməyi planlaşdırdığı bildirilir.

Qeyd edək ki, administrasiya daha əvvəl Ağ Ev kompleksində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün vergi ödəyicilərindən 1 milyard dollar ayrılmasını təklif etmiş, lakin qanunvericilər bu tələbi dəstəkləməmişdi.

Gununsesi.info