Almaniyada azərbaycanlıların film kimi cinayəti - MAAŞINI ALA BİLMƏDİYİ ÜÇÜN ŞEFİNİ QAÇIRMAQ İSTƏDİ, AMMA…

  • Müəllif: admin
  • 31 Avqust 2026 00:02

 

Maaşını ala bilməyən azərbaycanlı şefini qaçırmaq istədi, səhvən başqa şəxsi oğurladı

Almaniyanın Vuppertal şəhərində qeyri-adi və tragi-komik hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, Almaniya mediasının yaydığı məlumata görə, 44 yaşlı Azərbaycan vətəndaşı maaşını ala bilmədiyi üçün pulunu rəhbərindən məcburi yolla geri almaq qərarına gəlib.
Bunun üçün o, öz şefini qaçırmağı planlaşdırıb və planın həyata keçirilməsinə 35 yaşlı digər Azərbaycan vətəndaşını cəlb edib.

Lakin hadisə zamanı hər şey planlaşdırıldığı kimi getməyib. 35 yaşlı şəxs hədəfdəki rəhbəri tanımadığı üçün səhv adama yaxınlaşıb. Nəticədə onun əvəzinə hadisə ilə heç bir əlaqəsi olmayan başqa bir şəxsi qaçıraraq avtomobilə mindirib.

Bir müddət sonra yanlış şəxsi qaçırdıqlarını anlayan şəxslər planı dayandırıblar. Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində hər iki Azərbaycan vətəndaşı Almaniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Müttəhimlər adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə və təhdid ittihamları ilə Vuppertal Əyalət Məhkəməsi qarşısına çıxarılıblar.

Məhkəmə prosesi zamanı onların davranışı da diqqət çəkib. Müttəhimlərin məhkəmə zalına Almaniyada məşhur olan “Durstlöscher” meyvə şirəsi qutusu ilə gəlməsi və kifayət qədər rahat görünmələri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Alman istifadəçilər hadisənin özünü və məhkəmədəki görüntüləri yumorla qarşılayıblar.

Məhkəmənin qərarı ilə hər iki şəxsə təxminən 1 il 6 ay, yəni 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hadisə Almaniya mediasında qeyri-adi və uğursuz adam oğurluğu cəhdi kimi təqdim olunub.

Cavanşir Həsənli

Gununsesi.info