Azərbaycan 2026-cı ilin ilk səkkiz ayında Türkiyədən geyim idxalına çəkdiyi xərcləri əhəmiyyətli dərəcədə artırıb.
Gununsesi.info xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 43,538 milyon ABŞ dolları dəyərində geyim ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Təkcə avqust ayında Türkiyədən Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərində geyim göndərilib. Bu isə illik müqayisədə 16,1 faiz artım deməkdir.
Hesabat dövründə Türkiyənin ümumi geyim ixracı isə 2,2 faiz azalaraq 10,968 milyard ABŞ dollarına düşüb. Bununla belə, avqust ayında ölkənin geyim ixracı 6,9 faiz artaraq 1,414 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox geyim alan ölkələr sırasında Almaniya, Niderland və İspaniya yer alıb. Yanvar-avqust aylarında Almaniya 1,611 milyard ABŞ dolları, Niderland 1,272 milyard ABŞ dolları, İspaniya isə 1,177 milyard ABŞ dolları dəyərində Türkiyə geyimi idxal edib.
Bu dövrdə Almaniyanın Türkiyədən geyim idxalı 12,8 faiz, Niderlandın idxalı 5,9 faiz azalıb. İspaniyanın idxalında isə 4,8 faiz artım qeydə alınıb.








