Odessa sahillərində dron hücumuna məruz qalan gəmidəki azərbaycanlı dənizçilər kömək istəyiblər.
Gununsesi.info xəbər verir ki, gəmidə olan azərbaycanlı İbrahim Novruzov videomüraciət yayıb.
Onun sözlərinə görə, heyət daha əvvəl vurulmuş “Emil” gəmisini ərazidən çıxararaq Türkiyəyə aparmaq üçün Odessa sahillərinə gəlib. Dənizçilər səhər saat 07:00 radələrində gəmini yedəyə alaraq hərəkətə başlayıblar. Bu zaman onların yedək gəmisi dron hücumuna məruz qalıb.
İ.Novruzov bildirib ki, təhlükəsiz məqsədlə əraziyə daxil olduqlarını göstərmək üçün gəmidə Türkiyə bayrağı və ağ bayraq qaldırılıb. Buna baxmayaraq, gəmi sol tərəfdən vurulub və su almağa başlayıb.
Dənizçi hazırda gəmidə 7 nəfərin olduğunu, onlardan 4-nün Azərbaycan vətəndaşı olduğunu deyib:
“Biz Azərbaycan vətəndaşlarından və Azərbaycandan kömək istəyirik. Yeddi nəfərik, dörd nəfər Azərbaycan vətəndaşıdır. Gəmimiz sol tərəfdən vurulub və su alır”.
Onun sözlərinə görə, hücumdan sonra heyət “pilot çarxı” vasitəsilə yedəyə aldıqları gəmiyə keçib və hazırda həmin gəminin ön hissəsində gözləyir.
Dənizçi heyətin ərazidən ayrılmaq, yoxsa gəmidə qalaraq kömək gözləmək barədə tərəddüd etdiyini bildirib:
“Ağ bayraq qaldırmışdıq ki, bizi vurmasınlar. Buna baxmayaraq, yenə hücuma məruz qaldıq. Burada qalıb kömək gözləyək, yoxsa digər gəmiyə minib gedək? Bizə məlumat verilməsini xahiş edirik”.










