Bəzi Bakı məktəblərində təhsil göstəricilərini süni şəkildə yüksəltmək üçün zəif nəticə göstərən şagirdlərin IX sinfə keçməsinə imkan verilməyib. Elm və Təhsil Nazirliyi bu cür halların nəticələrin real yaxşılaşması olmadığını bildirir.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında deyib.
Nazir bildirib ki, məktəblər orta nəticəni zəif şagirdləri sistemdən kənarlaşdırmaqla deyil, onların bilik səviyyəsini yüksəltməklə yaxşılaşdırmalıdırlar.
Emin Əmrullayev 2014–2015-ci illərdə Bakıda bəzi məktəblərin IX sinif nəticələrində sürətli yüksəliş müşahidə olunduğunu xatırladıb:
“Bəzi direktorlar zəif uşaqları VIII sinifdən sonra məktəbdən çıxarırdılar. Bu, yaxşılaşma deyil, sadəcə texniki addım idi. Biz belə halları görürük və izləyə bilirik”.
Nazirin sözlərinə görə, məktəblər ən yüksək nəticə göstərən şagirdlərlə kifayətlənməməli, əsas diqqəti geridə qalan uşaqlara yönəltməlidirlər.
O qeyd edib ki, zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemin həlli deyil, çünki həmin uşaqlar yenə ümumi təhsil sistemində qalırlar.









