Taleh Bağırzadənin övladlarının işi üzrə ilk məhkəmə iclası keçirilib

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 15:01

Sentyabrın 10-da Xəzər Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin övladlarının işi üzrə ilk məhkəmə iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, iclasda məlum olub ki, yeniyetmələr təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılsalar da, ittiham aktı indiyədək nə onların qanuni nümayəndəsi olan anaları Leyla İsmayılzadəyə, nə də vəkillərinə təqdim edilib. Bu səbəbdən tərəflər məhkəmə prosesinə hazırlaşa bilməyiblər.

Hakim Vüqar Məhərrəmov ittiham aktını vəkilə və yeniyetmələrin anasına təqdim edib. Tərəflərə sənədlə tanış olmaları üçün sentyabrın 17-dək vaxt verilib.

Taleh Bağırzadənin övladları oxuduqları Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə yeniyetmələr arasında baş verən dava ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunublar.
Leyla İsmayılzadə daha əvvəl cinayət işini “təxribat” adlandırıb. Onun sözlərinə görə, oğlu mübahisə zamanı yalnız özünü müdafiə edib.

Qardaşlardan Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Digər qardaş Məhəmmədhüseyn Bağırzadə isə yalnız 221.2.1-ci maddə ilə təqsirləndirilir.

CM-nin 127.2.3-cü maddəsi üzrə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 221.2.1-ci maddə üzrə isə islah işləri və azadlığın məhdudlaşdırılması ilə yanaşı, 3 ilədək həbs cəzası da tətbiq oluna bilər.