Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.
Gununsesi.info xəbər verir ki, Əli Nağıyev Qazaxıstanda Mərkəzi Asiya dövlətləri və Azərbaycan xüsusi xidmət orqanları rəhbərlərinin “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusunda keçirilən görüşündə iştirak edib.
Çıxışı zamanı DTX rəisi Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələr arasında münasibətlərin strateji xarakterini əks etdirdiyini bildirib.
Əli Nağıyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb.
DTX rəisi regional təhlükəsizliyə beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkarlıq, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və kritik infrastruktura yönəlmiş digər təhdidlərin yaratdığı risklərdən danışıb.
O, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərə təsir göstərmək üçün müasir informasiya texnologiyalarından istifadə etməsinin narahatlıq doğurduğunu qeyd edib.
Görüşün sonunda regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.











