Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsinin və daxili müsahibənin iki mərhələdə keçirilməsi təklif olunur. Hazırda hər iki müsahibə bir mərhələdən ibarətdir.
Gununsesi.info xəbər verir ki, bu qayda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, vakant vəzifənin tələblərinə cavab verən qeydiyyatdan keçmiş namizədlərin sayı beş nəfərdən çox olduqda müsahibənin birinci mərhələsi keçiriləcək. Bu mərhələdə namizədlərin vəzifə təlimatına, qulluq funksiyalarına və müsahibə proqramına uyğun səriştələri yoxlanılacaq.
Birinci mərhələdə azı 50 faiz nəticə əldə edənlər arasından ən yüksək nəticə göstərmiş beş nəfər ikinci mərhələyə buraxılacaq. Beşinci yer üzrə eyni nəticə göstərən namizədlər olduqda, tapşırıqlar üçün əvvəlcədən müəyyən edilmiş prioritet ardıcıllığı tətbiq ediləcək. Tələblərə cavab verən namizədlərin sayı beş və ya daha azdırsa, onlar birbaşa ikinci mərhələdə iştirak edəcəklər.
İkinci mərhələ fərdi qaydada, dövlət dilində və azı 20 dəqiqə keçiriləcək. Namizəd razılıq verdiyi halda müsahibənin videoçəkilişi aparılacaq. Bu mərhələdə onun vakant vəzifəyə uyğunluğu qiymətləndiriləcək.
Layihədə ikinci mərhələ üçün üç nəfərlik müsahibə komissiyasının yaradılması nəzərdə tutulur: komissiyaya aidiyyəti qurumun və vakant vəzifənin olduğu dövlət orqanının bir nümayəndəsi, həmçinin bir müstəqil ekspert daxil ediləcək. Müəyyən rəhbər vəzifələr üzrə komissiyanın yalnız həmin dövlət orqanının nümayəndələrindən təşkil olunması nəzərdə tutulub.
Birinci mərhələnin vaxtı və yeri barədə məlumat müsahibəyə azı beş iş günü qalmış rəsmi internet səhifələrində yerləşdiriləcək. Üzrlü səbəb olmadan müsahibəyə gəlməyən namizəd üçün həmin vakant vəzifə üzrə cari müsabiqə çərçivəsində təkrar müsahibə keçirilməyəcək.











