Sabiq deputat Etibar Əliyev mərhum deputat Qənirə Paşayevanın vəfatının üçüncü ildönümü ilə bağlı onunla bağlı xatirələrini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev bildirib ki, Qənirə Paşayeva Nobel mükafatı laureatlarının yaradıcılığı ilə yaxından maraqlanırdı. O, Paşayevaya “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabını hədiyyə etdiyini və mərhum deputatın kitabda yer alan qadın laureatlarla xüsusi maraqlandığını qeyd edib.
“Kitabdakı qadın laureatları saydı və qısa zaman kəsiyində 1903–2009-cu illər ərzində Nobel mükafatına layiq görülən 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığından bəhs edən gözəl bir kitab yazdı”, – deyə Etibar Əliyev yazıb.
Onun sözlərinə görə, Qənirə Paşayeva biliyə və öyrənməyə böyük maraq göstərən, yüksək enerjisi ilə seçilən ictimai xadim olub.
Etibar Əliyev Qənirə Paşayevanın Nobel mükafatı laureatı, avstriyalı yazıçı Elfrida Yelinekin yaradıcılığı ilə də maraqlandığını bildirib:
“Yeri gəlmişkən, Yelinek “Səma və ev” pyesində xalqını üç hissəyə – ölməzlər, ölülər və dirilər kimi qruplara bölür və onlar arasında dialoq qurur”.
Sabiq deputat Qənirə Paşayevanı bu təsnifatda “ölməzlər” sırasına aid etdiyini vurğulayıb.
“Bizim Qənirə xanım ölməzlər sırasındadır. Xəstəxanaya düşəndə ona olan xalq sevgisini gördük. Sanki bütün ölkə onun səhhəti ilə maraqlanırdı. Təəssüflər olsun ki, Qənirə xanımı həyata qaytarmaq mümkün olmadı”, – deyə Etibar Əliyev qeyd edib.
Elmar
Gununsesi.info












