Siyasətçi İlqar Məmmədov iki il əvvəl keçirilən seçkidə Yeni Azərbaycan Partiyasına (YAP) verilən səsləri bir sıra sosial-iqtisadi və siyasi qərarlarla əlaqələndirib.
Gununsesi.info xəbər verir ki, o, fikirlərində cərimələr, vergilər, pensiyalar, quru sərhədlər və digər məsələlərlə bağlı mövcud siyasətləri tənqid edib.
Məmmədov bildirib ki, seçkidə iştirak etmək və ya səsvermə günü evdə qalmaq siyasi iradənin ifadəsi ilə bağlıdır.
Onun sözlərinə görə, dövlət idarəçiliyində əsas məsələ xalqın iradəsidir və seçkidə ortaya qoyulan siyasi iradə qüvvədə qalır.
Müəllif qeyd edib ki, seçicilərin səsvermədən iki il sonra YAP-ın siyasətlərinə münasibəti dəyişibsə, növbəti seçkidə başqa partiyaların siyasətlərini dəstəkləmələri mümkündür.
Əks halda, onun fikrincə, hakim partiya öz siyasətini davam etdirəcək.
İlqar Məmmədov iki il əvvəlki seçkinin nəticələri ilə əlaqələndirdiyi məsələlər sırasında aşağıdakıları sadalayıb:
- Cərimələrin büdcədəki payının artırılması;
- Əməkhaqqından tutulan vergilərin artırılması;
- Quru sərhədlərin bağlı saxlanılması;
- Sənədsiz evlərə mülkiyyət sənədlərinin verilməməsi;
- Uşaqpulunun ödənilməməsi;
- Yüz minlərlə yaşlı şəxsin pensiya əvəzinə 220 manatlıq müavinət alması;
- Pensiya kapitalının funksiyasını itirməsi;
- Evdə hazırlanan və satışa çıxarılan qidalara sertifikatlaşdırma tələblərinin tətbiqi ilə bağlı planlar;
- İcarə və mənzil kirayəsi üzrə vergi yükü;
- Baş örtüyü taxan müsəlman şagird və müəllimlərin məktəblərə buraxılmaması;
- Kommunal xətlərin evə çəkilməsinə görə aylıq ödənişlərin tətbiqi;
- Əmək qabiliyyətli və məhsuldar əhalinin ölkədən köçünün artması.
Məmmədov fikirlərində bu məsələləri tənqid edərək vurğulayıb ki, xalqın siyasi iradəsi ilə bağlı müzakirələr seçkinin nəticələrini inkar etməklə deyil, seçicilərin növbəti səsvermədə verəcəkləri qərarla qiymətləndirilməlidir.
Elmar











