“Azərbaycanda vahid məktəbli geyim formasının tətbiq olunması təhsilimizin keyfiyyəti və gələcəkdə daha yaxşı, daha intellektual cəmiyyət qurulması baxımından olduqca faydalıdır”.
Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:
“Məhz bunun nə qədər əhəmiyyətli olduğunu anlayan düşmənlərimiz də birdən-birə vahid məktəbli geyimi ilə bağlı qəbul etdiyimiz qərarı dini mövzuya çevirdilər və cəmiyyətdə bununla bağlı ajiotaj yaratmağa çalışdılar. Lakin buna nail ola bilmədilər. Çünki Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir və hər kəs başa düşür ki, Azərbaycan öz gələcəyini Əfqanıstan kimi görmək istəmir.
Hər bir Azərbaycan vətəndaşı, möminlər, dindarlar və müxtəlif mövqeləri təmsil edən insanlar da daxil olmaqla, ölkəmizi güclü dövlət kimi görməyə çalışır. Bəzi ölkələr isə bizi özlərinə bənzətməyə çalışırlar. Buna görə də biz özümüz olaraq qalmaq üçün mübarizə aparırıq. Biz özümüz olmuşuq və bunu 44 günlük müharibədə sübut etmişik. Bundan sonra əsla geri çəkilməyəcəyik və kiməsə bənzəyərək onların gününə düşmək istəmirik.
Çünki hər bir valideyn anlayır ki, bu gün baş örtüyünün nə olduğunu dərk etməyən uşağın başının örtülməsi gələcəkdə onun üçün fəlakətə çevrilə bilər. Bu gün hər bir Azərbaycan vətəndaşı başa düşür ki, bu günün baş örtüyü gələcəyin İranına və ya Əfqanıstanına aparan yol ola bilər. Buna görə də biz yeni nəslimizi qorumalıyıq. Uşaqlar bizim gələcəyimizdir və onlar İslamı həqiqi mahiyyəti ilə dərk etməlidirlər.
İrandan bizə İslam adı altında və ya başqa ölkələrdən din adı ilə gətirilən, milli kimliyi məhv edən xurafatı din kimi qəbul edə bilmərik və etməyəcəyik. Azərbaycanın manipulyasiyalara qarşı apardığı mübarizəni görürəm və bununla qürur duyuram”.
Şəbnəm









