“Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı Naxçıvanda möhtəşəm konsertlə yadda qalıb

  • Müəllif: Orxan
  • 27 Oktyabr 2026 11:32

22-23 oktyabr tarixlərində xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində silsilə tədbirlər baş tutmuşdur.

Gununsesi.info xəbər verir ki, 22 oktyabr Naxcıvan Əmək və Əhalinin sosial mudafiesi nazirliyi məhdud fiziki imkanlilar ucun regional informasiya mərkəzində xalq artisti Fidan Hacıyevanın buradakı gənclərlə görüşü keçirilmişdir.

Musiqi və rəqs bacarıqlarının inkişaf etdirildiyi bu bölmədə çoxsaylı istedadlı gənclər yetişir. Xüsusilə Xəlilova Rəsmiyyə və Əliyeva Küşvər kimi benefisiarlar öz istedadları ilə seçilirlər. Musiqi terapiyası onların səhnəyə, həyata və cəmiyyətə açılan qapısıdır.Hər iki gənc seçilərək 23 oktyabr Naxçıvan şəhəri, Heydər Əliyev sarayındakı konsertdə xalq artisti ilə birlikdə ifa etmək üçün seçilmişlər.

Növbəti gün 23 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə dünya opera səhnələrində parlaq ifaları ilə tanınan, görkəmli opera müğənnisi, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ilə yaradıcılıq görüşü və ustad dərsi keçirilib.

İlk öncə Naxçıvan Bəstəkarlar Təşkilatında baş tutan görüşdə təşkilatın sədri, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, ictimai xadim, bəstəkar, pedaqoq Nazim Quliyev Fidan Hacıyevanın zəngin yaradıcılıq yolu, milli və dünya opera sənətinə verdiyi töhfələr haqqında məlumat verib. Sonra Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva kollecin vokal ixtisası üzrə təhsil alan tələbələrinin tədris prosesi, akademik göstəriciləri və yaradıcılıq potensialı barədə qısa məlumat verərək ustad dərsinə start verib.

Tələbələrin böyük marağına səbəb olan ustad dərsində Naxçıvan Musiqi Kollecinin vokal ixtisası üzrə təhsil alan tələbələri Hüseynli Kamil, Kadir Çetin, Rüstəmova Aylin, İmamverdiyev Hüseyn, Rzayev Abbas, Emil Şirzadov eləcə də Naxçıvan Dövlət Universitetinin tələbəsi Ülvi Məmmədovun ifaları dinlənilib. İfa proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri, romanslar və opera ariyaları səsləndirilib.

Fidan Hacıyeva hər bir tələbənin ifasını diqqətlə dinləyərək onların səs imkanları, ifa üslubu və musiqi duyumu ilə bağlı fərdi tövsiyələr verib. İtalyan mətnlərində söz vurğularının düzgün tətbiqi, notlara dəqiq və sabit yanaşma, səs diapazonunun imkanlarının nəzərə alınması, diafraqmatik nəfəsdən düzgün istifadə, rezonatorların imkanlarından səmərəli yararlanma, səsin yumşaqlığı və təbii tembrin qorunması kimi mühüm məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Fidan Hacıyeva tələbələrin səs tembrində və ifa xüsusiyyətlərində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ayrı-ayrı obrazları üçün perspektivli imkanlar gördüyünü vurğulayıb. Eyni zamanda, dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyasının musiqi nömrələrinin tələbələrimiz tərəfindən öyrənilməsi, gələcəkdə Fidan Hacıyevanın yaratdığı vokal məktəbinin yetirmələri ilə kollecin tələbələrinin birgə yaradıcılıq layihəsi həyata keçirməsi təklif olunub.

Fidan Hacıyeva ustad dərsdə iştirak edən tələbələrə öz adından Beynəlxalq sertifikatlar təqdim edib. Bu, gənc musiqiçilər üçün həm dəyərli bir xatirə, həm də gələcək yaradıcılıq fəaliyyətlərinə stimul verən əlamətdar hadisə olub. Görüşün sonunda sənətkar xoş musiqi anları yaşadaraq Naxçıvan Bəstəkarlar Təşkilatının sədri, Nazim Quliyevin “Dağlar küsüb” romansını böyük zövq və həssaslıqla ifa edib. Romansın Fidan Hacıyevanın ifasında səslənməsi tədbirə xüsusi bədii ovqat qatıb.

Hörmət və ehtiram əlaməti olaraq bəstəkar Nazim Quliyev özünün müəllifi olduğu “Mahnılar, ariyalar və romanslar” kitabını Fidan Hacıyevaya hədiyyə edib. Bu səmimi sənət mübadiləsi bəstəkarla ifaçı arasında yaradıcılıq bağlarının, musiqiyə və milli sənət dəyərlərinə olan qarşılıqlı ehtiramın gözəl ifadəsinə çevrilib.

Bu gün Naxçıvan şəhərində, Heydər Əliyev adına Sarayda solo konsert proqramı ilə çıxış edəcək Fidan Hacıyevanın konsert ərəfəsində vaxt ayıraraq tələbələrimizlə görüşməsi, onların ifalarını dinləməsi, peşəkar məsləhət və tövsiyələrini bölüşməsi bizim üçün böyük dəyər daşıyır.                            Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Nazim Quliyev,  Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayev və Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva adından Fidan xanım Hacıyevaya tələbələrimizə göstərdiyi diqqətə, səmimi münasibətə və gələcəyə yönəlmiş dəyərli təşəbbüslərinə görə dərin minnətdarlıqlarını bildiriblər.

Uğurlu günün sonunda “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində Xalq artisti Fidan Hacıyevanın möhtəşəm konsert proqramı təqdim olunub. Belə ki, Naxçıvan Heydər Əliyev Sarayında “Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, görkəmli opera müğənnisi Fidan Hacıyevanın iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Yüksək sənət zövqü, zəngin repertuarı və peşəkar ifaçılıq ənənələri ilə seçilən konsertdə Azərbaycan bəstəkarlarının ölməz əsərləri ilə yanaşı, dünya opera sənətinin məşhur nümunələri də səsləndirilib. Proqramda Naxçıvan Dövlət Filarmoniyasının solistləri, musiqi kollektivləri və gənc ifaçılar iştirak edərək konsert proqramının əsas qonağı olan Xalq artisti Fidan Hacıyevanın iştirakı tədbirə xüsusi rəng qatıb. Onun ifasında təqdim olunan əsərlər Azərbaycan vokal sənətinin zəngin imkanlarını, klassik musiqinin estetik gözəlliyini və milli musiqi ənənələrinin müasir səhnədə yaşadılmasının əhəmiyyətini bir daha nümayiş etdirib.

Konsert Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” əsəri ilə başlayıb. Fidan Hacıyevanın ifa etdiyi bu musiqi nümunəsi Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə ehtiramın ifadəsi kimi proqramda xüsusi yer tutub. Əsəri Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri müşayiət edib.

Opera sənətinin güclü vokal imkanlarını və dramatik ifadə tərzini tələb edən bu məşhur ariyanın proqramda yer alması tədbirin beynəlxalq musiqi məzmununu daha da gücləndirib.

Konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” əsərinin bütün solistlərin və xor kollektivinin birgə ifasında təqdim olunması ilə yekunlaşıb. Vətənə məhəbbət, milli qürur və Azərbaycan musiqisinin qüdrətini özündə birləşdirən əsərin kollektiv ifası proqramın ideya-bədii məzmununu tamamlayıb.

Konsertin sonunda Xalq artisti Fidan Hacıyeva tədbirdə iştirak edən bütün solistlərə göstərdikləri peşəkar ifaçılığa və sənət töhfələrinə görə öz adından beynəlxalq sertifikatlar təqdim edib.

“Şərqin qapısında” III Beynəlxalq Opera Festivalı çərçivəsində təşkil olunan bu konsert Naxçıvanda musiqi mədəniyyətinin inkişafına, opera sənətinin təbliğinə, milli bəstəkar irsinin qorunmasına və gənc nəslin klassik musiqiyə marağının artırılmasına xidmət edən əlamətdar mədəniyyət hadisəsi kimi diqqət çəkib. Naxçıvanın zəngin musiqi ənənələrini beynəlxalq sənət mühiti ilə birləşdirən belə tədbirlər bölgənin mədəni həyatının canlanmasına, peşəkar ifaçılıq məktəbinin inkişafına və Azərbaycan musiqisinin təbliğinə mühüm töhfə verir.