Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryan hakimiyyət orqanlarını tənqid edib. O, Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin saxlanma şəraiti ilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın saxlanma şəraitini müqayisə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Jurnalistlərlə görüşündə danışan Qriqoryan azərbaycanlı hərbçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanıldığını bildirib. Deputat iddia edib ki, ona yaxşı şərait yaradılıb.
Onun sözlərinə görə, Robert Köçəryan isə həmin binada, lakin qonşu kamerada saxlanılır və onun şəraiti azərbaycanlı hərbçinin saxlanma şəraiti ilə müqayisədə xeyli pisdir.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.











