Professor Vaqif Abdullayev İrəvanda yerləşən Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsinə və bu münasibətlə keçirilən tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədin iştirakına etiraz edib.
Gununesi.info-nun xəbərinə görə, o bildirib ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilən Göy Məscid Azərbaycanın tarixi-mədəni irsidir və İranın bu abidəni özününküləşdirməyə, daha sonra isə erməni kimliyi ilə əlaqələndirməyə mənəvi haqqı yoxdur.
Vaqif Abdullayev Yeqişe Çarentsin adının məscidin mərasim zalına verilməsini də sərt tənqid edib. O, Çarentsin 1915-ci ildə daşnak ordusunda xidmət etdiyini və Qaregin Njdenin “tsexakronizm” ideologiyasını təbliğ etdiyini iddia edərək, onun xatirəsinin bu şəkildə əbədiləşdirilməsini qəbuledilməz adlandırıb.
Professorun fikrincə, Göy Məsciddə baş verənlər İran hakimiyyətinin və daşnak qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirilməlidir.
O, həmçinin bu addımın dünya müsəlmanlarına qarşı hörmətsizlik olduğunu vurğulayıb.
Abdullayev beynəlxalq islam təşkilatlarını məsələyə münasibət bildirməyə çağırıb.
O hesab edir ki, İSESCO və İslam Əməkdaşlıq Təşkilatı qarşısında məsələ qaldırılmalı, Tehran hakimiyyətindən rəsmi izahat tələb edilməlidir.
Professor fikirlərində Bakıda yerləşən Erməni Kilsəsi ilə bağlı da təklif irəli sürüb.
O, kilsənin daxilində xüsusi sərgi salonunun yaradılmasını, burada 1905 və 1918-ci illərdə erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi hadisələri əks etdirən foto-stendlərin yerləşdirilməsini təklif edib.
Bundan başqa, Vaqif Abdullayev 20 Yanvar faciəsi, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş rus, ukraynalı, udi və digər xristian xalqların nümayəndələrinin xatirəsinə ekspozisiya və xatirə lövhəsinin yaradılmasını məqsədəuyğun sayıb.
O, bu sərginin Bakıya gələn xarici turistlərin diqqətinə çatdırılmasını və tarixi hadisələr barədə məlumatlandırma məqsədilə istifadə olunmasını təklif edib.
Professor bir daha vurğulayıb ki, Göy Məscid Azərbaycanın tarixi irsidir və bu irslə bağlı qərarlarda Azərbaycanın milli və mənəvi dəyərləri nəzərə alınmalıdır.
Elmar
Gununesi.info










