ATƏT Cənubi Qafqazda hansı rolu oynamaq istəyir? -ŞƏRH

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb.

Səfər çərçivəsində regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh prosesi və tərəflər arasında əməkdaşlıq məsələlərinin müzakirə olunub.

Bəs ATƏT sədrinin Bakı səfəri hansı məqsədə xidmət edir və bu səfər regionda gedən proseslərə necə təsir göstərə bilər?

 

Gununsesi.info -ya danışan deputat Azər Allahverənov qeyd edib ki, burada önəmli məsələ ondan ibarətdir ki, ATƏT Avropada Cənubi Qafqaz bölgəsi ilə bu və ya digər formatda münasibətlərini qoruyub saxlayan azsaylı qurumlardan biridir:

“Nəticə etibarilə, son dövrlərdə bu istiqamətdə müəyyən müsbət məqamlar müşahidə olunur. Ümumilikdə, ATƏT-in Cənubi Qafqaz bölgəsi ilə bağlı, xüsusilə regional təhlükəsizliyin təmin edilməsi baxımından fəaliyyəti diqqət çəkir. Nəzərə alsaq ki, bu, sədrin ilk səfəridir və səfər yalnız Azərbaycana deyil, həm də Ermənistana, Gürcüstana, eləcə də Türkmənistana nəzərdə tutulub, bu, ATƏT-in Cənubi Qafqaz da daxil olmaqla şərq istiqamətinə yönələn siyasətindən xəbər verən mühüm səfərdir. Regional təhlükəsizlik məsələlərindən danışarkən burada əsas mövzulardan biri də Azərbaycan-Ermənistan sülh prosesidir. Hazırda bu məsələ ATƏT üçün prioritet istiqamətlərdən biri hesab olunur.

Hərçənd ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərdiyi dövrdə ciddi nəticələr əldə edə bilməmişdi. Əksinə, mövcud vəziyyətin qorunub saxlanmasına üstünlük verilirdi ki, bu da Azərbaycanda geniş şəkildə tənqid olunurdu. Çünki həmin vəziyyətin davam etməsi bütövlükdə region üçün potensial təhlükə yaradırdı və bu da ATƏT-in mandatına uyğun deyildi. Minsk Qrupu münaqişənin həlli məqsədilə yaradılmış bir qurum idi. Lakin biz onun fəaliyyətində daha çox münaqişənin dondurulmasını müşahidə edirdik. İndi isə bölgədə siyasi reallıq tamamilə dəyişib, yeni bir vəziyyət formalaşıb. Bu vəziyyətin əsasında Azərbaycanın regional təhlükəsizlik baxımından yaratdığı yeni təhlükəsizlik sistemi dayanır. Bu, artıq reallıqdır və nəticə etibarilə Cənubi Qafqazın dayanıqlı inkişafı, eləcə də bölgədə sülh və sabitliyin təmin olunması üçün əlverişli şərait yaradır. Belə bir şəraitdə bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də Cənubi Qafqazda formalaşan bu regional təhlükəsizlik sistemində müəyyən yer tutmağa, hətta bu prosesə öz töhfəsini verməyə çalışır.

Lakin bu töhfə nədən ibarət ola bilər? Mən hesab edirəm ki, bu məsələlərlə bağlı ATƏT-in mandatında hələ də tam müəyyənləşdirilmiş çərçivələr yoxdur. Hazırda əsas istiqamətlər kimi sülh, regional təhlükəsizlik, sabitlik və konstruktiv əməkdaşlıq ön plana çıxır”.

 

 

Şəbnəm

Gununsesi.info