“Azərbaycan-İtaliya münasibətləri strateji əhəmiyyət daşıyır” -Arzu Nağıyev

“Keçən əsrin əvvəllərinə baxanda İtaliya-Azərbaycan münasibətləri ən yüksək səviyyədə inkişaf edib. Azərbaycanın, hətta Azərbaycan Xalq Cümhuriyyəti dövründən belə, İtalyaya münasibətləri yüksək səviyyədə olub. İtalya və Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildən başlayaraq bu günə qədər dinamik şəkildə inkişaf edir”.

Bu fikirləriGununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Parlament səviyyəsində və iqtisadi sahələrdə mühüm addımlar atılıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, bugün bizim münasibətlərimiz strateji əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədri təsis edilməmişdən əvvəl də İtaliya Azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləyib. Avropanın ciddi dövlətlərindən biri kimi İtaliya Azərbaycanın mövqeyini hər zaman müdafiə edib.

Eyni zamanda, Cənab Prezidentin də qeyd etdiyi kimi, qaz və neft məsələlərində əsas layihələrdən biri İtaliyada yerləşir. İtaliya iqtisadiyyatını şaxələndirmək məqsədilə Qafqazın lider dövləti olan Azərbaycanı seçib. Bu gün İtaliyanın çoxsaylı şirkətləri neft və qaz sektorunda fəaliyyət göstərir.

Beynəlxalq tədbirlərdə, o cümlədən Azərbaycanda keçirilən COP-29 konfransında İtaliya Azərbaycanın apardığı islahatları dəstəkləyib. Həmçinin, 44 günlük Vətən Müharibəsi zamanı İtaliya Azərbaycanın mövqeyini müsbət qiymətləndirib”.

Deputat əlavə edib ki, Azərbaycan və İtaliya xüsusi xidmət orqanları, müdafiə nazirliyi və hüquq mühafizə orqanları ilə birlikdə təlimlərdə və birgə əməliyyatlarda iştirak ediblər, məlumat mübadiləsi aparıblar:

“Bütün sahələrdə İtaliya-Azərbaycan münasibətləri Azərbaycanın müstəqil daxili və xarici siyasətinə uyğun qurulub. Bu gün təhsil sahəsində universitetin açılması da mühüm addımdır.

Azərbaycan gəncləri İtaliyada və Azərbaycanda təhsil alaraq ikili diplomlar əldə edə biləcəklər və təhsil Avropa standartlarına uyğun olacaq.

Cənab Prezidentin səfəri və İlham Əliyevlə keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasında qarşılıqlı münasibətlər həm şəxsi, həm də dövlət səviyyəsində yüksək əhəmiyyət daşıyır”.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info