“Bu, iki qardaş ölkənin münasibətlərinin daha yüksək məqama yetişməsi ilə yanaşı, həm də ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsinə yeni məzmun verəcək. Bu özünü daha çox Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti fonunda Azərbaycan–Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açılmasında və həmin əməkdaşlığın ikitərəfli çərçivəni aşaraq bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsində rolunun artması timsalında daha qabarıq göstərəcək. İki ölkənin əməkdaşlığı Orta Dəhlizin inkişafına, Mərkəzi Asiya ilə Avropanın əlaqələrinin dərinləşməsinə töhfələrini artıracaq”.
Bu fikirləri Gununsesi.info-ya Mill Məclisin deputatı Əli Məsimli bildirib:

“Bu kontekstdə Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inteqrasiyasının güclənməsi fonunda daha geniş əməkdaşlığın, yeni imkanların və güclü gələcəyin əsas dayaqlarındandır. Müqavilədə nəzərdə tutulan tədbirlər həm də qarşıdakı illərdə Bakı–Xəzər–Mərkəzi Asiya xəttinin daha güclü iqtisadi arteriyaya çevrilməsinə əlavə təkan verilməsinə xidmət edir. Bu, qarşılıqlı investisiyalar, enerji, rəqəmsal texnologiyalar və Türk dünyasının iqtisadi inteqrasiyası və sair bu kimi aktual məsələlərə əlavə impuls verəcək.
Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlməsi iki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlərdə genişlənməsi və dərinləşməsinə ciddi təkan verir. Bu özünü iqtisadi əlaqələr sahəsində daha əyani göstərir. Azərbaycanla Özbəkistan arasında ticari-iqtisadi əlaqələr sürətlə inkişaf edir. 2020–2025-ci illərdə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi ardıcıl artım dinamikası nümayiş etdirib və 9,7 dəfə artaraq 82 milyon dollardan 795 milyon dollara yüksəlib. Təkcə bir il ərzində isə, yəni 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildəki 252 milyon dollardan 795 milyon dollara çatıb və ya 3 dəfə artıb. Bu, çox yüksək dinamikadır. Eyni zamanda Azərbaycanın ixracında Özbəkistanın payının 0,4 faiz, idxalda isə 1,2 faiz olması, iki ölkə arasında ticarət əlaqələrinin sürətlə genişləndirilməsini davam etdirmək və yaxın illərdə ümumi dövriyyənin 1 milyard dollara və ondan da yüksəyə çatdırılması üçün mövcud imkanlardan daha geniş istifadənin aktuallığını daha da artırır.
Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsində ixrac strukturuna əsasən şəkər, emal olunmamış alüminium və mexaniki borular, idxal strukturuna isə qızıl, tütün məmulatları, mis məftillər və avtomobil sənayesi komponentləri və s. üstünlük təşkil edir.
Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon dollar, Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon dollar investisiya qoyub. Ölkələr arasında investisiya əməkdaşlığını daha da genişləndirmək məqsədilə 500 milyon dollar nizamnamə kapitalı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyət göstərir. Şirkət hər iki ölkədə sənaye, tekstil, energetika və kənd təsərrüfatı sahələrində ümumi dəyəri yüz milyonlarla dollar olan birgə perspektivli layihələri maliyyələşdirir.
Deputat hesab edir ki, həm Azərbaycanın, həm də Özbəkistanın iqtisadi potensialı bütün sahələr üzrə səmərəli əlaqələr qurmağa və inkişaf etdirməyə imkan verir:
“Ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi, birgə müəssisələrin yaradılması və sair bu yöndə görülən işlər iki qardaş ölkə arasında əməkdaşlığın uğurlu inkişafının mühüm göstəricilərindəndir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında digər Türk dövlətləri ilə yanaşı Özbəkistan şirkətlərinin iştirakı iqtisadi bağları gücləndirir.
Azərbaycan və Özbəkistan bir-birlərinin mövqeyini yalnız siyasi bəyanatlarla dəstəkləmir, həm ikitərəfli, həm TDT çərçivəsində, həm də beynəlxalq platforma kontekstində bir-birlərinin yanındadır və sıx əməkdaşlıq edirlər. Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə qalxması ilə Özbəkistan Azərbaycanın Mərkəzi Asiya ilə strateji və coğrafi əlaqələrinin əsas geoiqtisadi lövbəri rolunu icra etməkdədir. İki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi Bakı-Daşkənd oxunu regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirib.
Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Azərbaycan və Özbəkistan Avrasiya regionunda enerji, nəqliyyat, tranzit sahələrində sıx əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrini gələcəyə aparmaq imkanına malik olan dövlətlərdir. Kifayət qədər inteqrasiya olunmuş bu regionun inkişafının ümumi müsbət dinamikası xeyli dərəcədə Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır. Azərbaycan-Özbəkistan münasibətlərinin genişlənməsi və bu ölkələrin öz regionlarındakı çəkisi və rolu hər iki ölkənin yerləşdiyi regionlar üçün də əlavə imkanlar yaradır. Regionda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təkcə Azərbaycan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya respublikaları üçün faydalı olacaq.
Azərbaycan–Özbəkistan birliyinin Türk dünyasında gedən böyük inteqrasiya prosesinə töhfələrinin artması baxımından da çox mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycanın getdikcə daha çox dərəcədə Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa geosiyasi və geoiqtisadi xəttinin əsas birləşdirici həlqələrindən birinə çevrilməsi bu prosesdə həlledici rol oynayır. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti tranzit imkanlarının faydalılığının artırılması ilə yanaşı, ondan da daha çox dərəcədə Türk dövlətlərini coğrafi, iqtisadi və nəticə etibarilə siyasi baxımdan bir-birinə daha sıx bağlayan strateji infrastruktur kimi böyük əhəmiyyət kəsb edir. Bu loqistik infrastruktur Türk dünyasında daha sıx birliyin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması və qlobal arenada daha geniş anlamda təsir və güc mərkəzinə çevrilməsi prosesinin sürətlənməsində əvəzsiz rol oynayacaq.
Qarşıda yeni investisiya layihələri, Orta Dəhliz üzrə əməkdaşlığın nəqliyyat-loqistika imkanlarının daha da genişlənməsi, yaşıl enerji sahəsində əməkdaşlıq üzrə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı üçün Yaşıl Dəhliz Birliyi təşəbbüsünün təşviqi, Nəqliyyat və Logistika üzrə Beynəlxalq marşrutlar üzrə tranzit trafik həcminin artırılması, Füzuli rayonundakı Dostluq Bağı da daxil olmaqla, Azərbaycanın azad edilmiş ərazilərində layihələrin əlaqələndirilməsi, təhsil, mədəniyyət və media sahələrində əlaqələrin genişləndirilməsi və sair bu kimi sahələrdə görülməsi vacib olan işlər var…
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha da genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır. Bu səfərin gündəliyinin kifayət qədər zəngin və strateji baxımdan isə çox zəruri olmasına əsaslanaraq demək olar ki, aparılan danışıqlar, keçirilən tədbirlər və imzalanan sənədlərin nəticələri Azərbaycan-Özbəkistan arasındakı ikitərəfli əlaqələri yeni istiqamətlərlə zənginləşdirəcək, regionlararası əməkdaşlığa və eyni zamanda TDT çərçivəsində əməkdaşlığa, Türk dünyasında inteqrasiyanın sürətləndirilməsinə yeni təkan verəcək. Yeni məzmunlu Azərbaycan və Özbəkistanın müttəfiqliyi Türk dünyasının gücünə güc qatacaq. Ona görə də Türk dövlətləri daha sıx birləşməli, dostluq, qardaşlıq, işbirliyi kontekstində xalqlarımızın istəklərinə və maraqlarına cavab verən işlərimizin həllini sürətləndirməliyik”.
Afət









