“Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin genişlənməsi və dərinləşməsi xüsusi yer tutur. Çünki Türk dünyasının siyasi və iqtisadi güc mərkəzinə çevrilməsində mərkəzi birləşdirici bənd, strateji coğrafi qovşaq və əsas hərəkətverici qüvvə rolunu oynayan Azərbaycanın həmin qardaş dövlətlərin hər biri ilə əlaqələrində irəliyə doğru atılan hər bir addım gücümüzə güc qataraq ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərimizi birlikdə gələcəyə daşıyıb, dünya birliyində öz potensialımıza layiq yer tutub, buna müvafiq səviyyədə rol oynamaq missiyasına xidmət edir”.
Bu fikirləri Gununsesi.info-ya Mill Məclisin deputatı Əli Məsimli bildirib:

“Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistana dövlət səfəri həm iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin məntiqi davamı olaraq Azərbaycan–Özbəkistan müttəfiqliyinin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi hadisədir, həm də regionlararası əməkdaşlıq, TDT platforması, eləcə də qlobal baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində dostluq, qardaşlıq, qarşılıqlı hörmət və faydalılıq prinsipinə əsaslanan mənafe, məqsəd və hərəkət birliyi durur. Çünki mənafe birliyi olmayan yerdə məqsəd birliyi, məqsəd birliyi olmayan yerdə hərəkət birliyi, hərəkət birliyi olmayan yerdə isə hədəflərə nail olmaq mümkün olmur. Bu kontekstdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi dayanır. Dostluq, qardaşlıq, qarşılıqlı etimad, ortaq strateji maraqlar və onun reallaşmasına xidmət edən işbirliyi üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlığın dərinləşdirilməsi, müttəfiqlik münasibətlərinin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət və Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına (“C6″) inteqrasiyası məsələləri, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, yeni iqtisadi Bu, iki ölkə arasında münasibətlərin artıq daha yüksək institusional səviyyəyə yüksəldiyini göstərir”.
Deputat qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqliyin ən yüksək səviyyəsinə yüksəlməsi təqdirəlayiq hadisədir:
“Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəliş yolu bizi birləşdirən tarixi köklərimiz və əlaqələrimizin siyasi iradə ilə effektiv kombinasiyası əsasında qurulub, qarşılıqlı etimadla möhkəmlənib və konkret layihələrlə dərinləşir. Qarşılıqlı etimad, davamlı siyasi dialoq, milli maraqların uzlaşması əlaqələrimizin hazırkı yüksək səviyyəyə çatmasında aparıcı rol oynayır.
Səfər çərçivəsində imzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” xüsusi yer tutur. Bu tarixi Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır. Müqavilədə tərəflər öhdəlik götürüb ki, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərirlər; yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar; iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli köməklik göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər; Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradırlar; regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq iki ölkə arasında əlaqələrin ənənəvi qaydada inkişaf etdirilməsi mərhələsindən çıxaraq uzunmüddətli siyasi, iqtisadi və geostrateji tərəfdaşlıq modelinə çevrilir. Müqavilə hər iki dövlətin gələcək fəaliyyət proqramı olmaqla yanaşı, xalqların çoxəsrlik ortaq tarixi-mədəni yaddaşını rəsmiləşdirir. Bu müqavilə ilə Azərbaycan və Özbəkistan həm ikitərəfli müttəfiqliyi möhkəmləndirir, həm də beynəlxalq müstəvidə dövlətlərarası münasibətlərin yeni dostluq nümunəsini təqdim edir. Bu kontekstdə nəzərdə tutulan məsələlərin sistemli və davamlı şəkildə həyata keçirilməsi iki qardaş ölkənin münasibətlərini strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə daşıyacaq”.
Şəbnəm









