Son vaxtlar demək olar ki, hər gün Rusiya–Ukrayna müharibəsində itkin düşən və ya həlak olan azərbaycanlılarla bağlı xəbərlər yayımlanır.
Məlumatlardan da görünür ki, müharibəyə cəlb olunan azərbaycanlıların əksəriyyəti Rusiyada işləyən miqrantlardır.
Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələyə münasibət bildirib.

Ceyhun Məmmədov qeyd edib ki, Rusiya dövlət qurumları bu ölkədə yaşayan azərbaycanlılara qarşı bəzi bəhanələr irəli sürür:
“Məsələn, onların sənədlərinin qaydasında olmaması, rus dilini bilməməsi və ya hansısa dini tədbirlərdə iştirak etməsi.
Bu bəhanələrlə onlara bildirirlər ki, məsuliyyətdən azad olmaq üçün Rusiya–Ukrayna müharibəsində iştirak etməlidirlər.
Bənzər metod həbsxanalarda da tətbiq olunur. Azərbaycanlı məhbuslara qalan cəzalarından azad olunmaq müqabilində müharibədə iştirak təklif edilir.
Bütün bunlar Azərbaycan cəmiyyətində haqlı olaraq ciddi narahatlıq və etirazla qarşılanır”.
Deputat qeyd edib ki, azərbaycanlılara qarşı bu cür addımlar qətiyyən qəbuledilməzdir.
Şəbnəm












