Bakı metropolitenində qarşıdakı dövrdə xətlər üzrə qatarların hərəkət intervalının azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində gur saatlarda hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunelin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafiki tərtib edilib:
“Nəticədə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb, Qırmızı xətdə isə 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30 saniyəyə endirilib.
Bunun üçün Qırmızı xətt üzrə müvafiq gücləndirmə və optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların “İçərişəhər” stansiyasını daha operativ tərk etməsi təmin edilib”.
Qurumdan, həmçinin bildirilib ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi, “28 May-Nizami” stansiyaları arasında hərəkətin dayandırılması metroda sərnişin sayının azalmasına səbəb olub:
“Bu, sərnişinlərin bir qisminin məhz xətdən-xəttə keçid üçün həmin istiqamətdən istifadə etməsi ilə əlaqədardır.
Bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbatın artması nəzərə alınaraq daşımaların sərnişin tələbatına uyğun təşkili və sərnişinlərin düzgün yönləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əlaqəli fəaliyyət həyata keçirilir”.












