Cəlilabad prokurorluğu ölüm işi ilə bağlı açıqlama yaydı

  • By admin
  • 28 Mart 2022 23:58
“04 dekabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kənd sakini, 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğunun açıqlamasında bildirilir.
Açıqlamada daha sonra deyilir:
“İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölmüşdür.
Toplanmış kifayət qədər sübutlar əsasında Akif Heydərova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir”.
Gununsesi.info