Dələduzluqda ittiham olunan şirkətdən açıqlama

  • By admin
  • 25 İyun 2026 19:21

“First Academy AZ” MMC və şirkətin direktoru Vüsal Qəribovun ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etməsinə dair şikayət əsasında dərc etdiyimiz materiala adıçəkilən şirkət reaksiya verib.

Redaksiyamıza göndərilən məlumatda qeyd olunur ki, məqalədə adı çəkilən İmaməddin Əliyev və Aydan Əliyeva 2024-cü ildə Almaniyada Ausbildung proqramı üzrə şirkətə müraciət etmiş və tərəflər arasında müvafiq müqavilələr bağlanmışdır:

”Lakin məqalədə qəsdən qeyd olunmayan əsas məqamlardan biri odur ki, Ausbildung proqramı adi viza xidməti deyil və nəticənin əldə olunması üçün müraciətçilərin də üzərinə konkret öhdəliklər düşür.

Ausbildung proqramının əsas tələblərindən biri Alman dili biliyidir. Şəxsin Almaniyada həm təhsil alması, həm də işləməsi nəzərdə tutulduğu üçün dil biliyi proqramın ayrılmaz hissəsidir. Alman dili biliyi olmadan heç bir şirkət və ya təşkilat hər hansı şəxsi Ausbildung proqramı ilə Almaniyaya göndərə bilməz.

Məqalədə “6 ay pulsuz Alman dili kursu” ifadəsi manipulyativ şəkildə təqdim edilmişdir. Həqiqətdə isə Alman dili hazırlığı proqramın tərkib hissəsidir və yalnız Ausbildung proqramı çərçivəsində şirkətimiz vasitəsilə Almaniyaya getmək üçün müraciət edən şəxslər üçün nəzərdə tutulur. Bu xidmət üzrə müraciətçilərdən ayrıca Alman dili kursu haqqı alınmır və həmin hazırlıq ümumi xidmət paketinin tərkibində təşkil edilir.

Lakin bu, heç bir halda o demək deyil ki, istənilən şəxs şirkətimizə müraciət edib uzun müddət Alman dili tədrisindən, müəllim əməyindən, danışıq dərslərindən və digər hazırlıq xidmətlərindən yararlansın, daha sonra isə proqramı davam etdirməkdən imtina edərək ödəmiş olduğu xidmət haqqının tam şəkildə geri qaytarılmasını tələb etsin.

Alman dili hazırlığı şirkət üçün real xərclər yaradır. Müəllimlərin əməkhaqqı ödənilir, dərslər təşkil olunur, tədris resursları təqdim edilir və müraciətçilərin proqrama hazırlanması üçün ciddi vaxt və maliyyə sərf olunur. Məhz buna görə də proqram çərçivəsində uzun müddət göstərilmiş tədris xidmətlərinin dəyərinin nəzərə alınması tamamilə normal və əsaslı yanaşmadır.

Qeyd etmək lazımdır ki, adı çəkilən şəxslərdən Alman dili kursu üçün ayrıca ödəniş tələb olunmamış, onlar yalnız ümumi xidmət haqqı ödəmişlər. Bununla belə, hər hansı səbəbdən proqram yekunlaşmadıqda və ya müqaviləyə xitam verildikdə, artıq faktiki göstərilmiş xidmətlərin, o cümlədən uzun müddət təşkil edilmiş Alman dili hazırlığının dəyərinin nəzərə alınması həm hüquqi, həm də məntiqi baxımdan tam əsaslıdır.

Məqalədə “şirkət heç bir xidmət göstərməyib” görüntüsü yaradılmağa çalışılsa da, faktlar bunun tam əksini sübut edir.

Şirkət tərəfindən adı çəkilən şəxslər üçün uzun müddət ərzində Alman dili dərsləri təşkil edilmiş, danışıq dərsləri və conversation club proqramları keçirilmiş, müsahibələrə hazırlıq aparılmış, Almaniyadakı işəgötürənlərlə əlaqələr qurulmuş və müxtəlif iş imkanları araşdırılmışdır.

Şirkətimizin arxivində mövcud olan yazışmalar, iştirak qeydləri, müsahibə dəvətləri və digər sənədlər bu xidmətlərin faktiki olaraq göstərildiyini tam şəkildə sübut edir.

Xüsusilə diqqətə çatdırmaq istəyirik ki, məqalədə “2 il ərzində heç nə edilməyib” görüntüsü yaradılsa da, şirkətimizin əlində olan yazışmalar göstərir ki, müraciətçilər tərəfindən tələb olunan sənədlərin təqdim edilməsi vaxtında həyata keçirilməmişdir.

Məsələn, 3 yanvar 2025-ci il tarixli yazışmada İmaməddin Əliyev sənədləri hələ hazırladığını və bir həftə ərzində təqdim edəcəyini bildirmişdir. Daha sonra sənədlərin göndərilməsi sonrakı tarixlərdə baş vermişdir. Halbuki zəruri sənədlər təqdim edilmədən Almaniyadakı işəgötürənlərlə tam prosesin aparılması faktiki olaraq mümkün deyil.

Buna baxmayaraq, şirkətimiz prosesi dayandırmamış, müraciətçilərin Alman dili hazırlığını davam etdirmiş, onlar üçün iş imkanları araşdırmış və müxtəlif müsahibələr təşkil etmişdir.

Bəzi hallarda şirkət nümayəndələri tərəfindən müsahibələr zamanı əlavə dəstək də göstərilmişdir. Lakin müsahibələrin nəticəsi yalnız şirkətdən deyil, müraciətçinin dil səviyyəsindən, hazırlığından və işəgötürənin qərarından asılıdır.

Bundan əlavə, şirkətimizin əlində olan yazışmalar göstərir ki, müəyyən dövrlərdə müraciətçilər şirkət əməkdaşlarının göndərdiyi mesajlara cavab verməmiş, conversation dərslərində iştirak etməmiş və prosesin davam etdirilməsi ilə bağlı lazımi əməkdaşlığı göstərməmişlər.

23 dekabr 2025-ci il tarixli yazışmada şirkət rəhbərliyi tərəfindən açıq şəkildə bildirilib ki, göndərilən mesajlara cavab verilmədiyi üçün prosesin icrası mümkün olmur və bu səbəbdən ofisə gələrək müqaviləyə xitam verilməsi təklif edilir.

Bu fakt bir daha sübut edir ki, prosesin dayandırılması və ya nəticənin gecikməsi birtərəfli qaydada şirkətdən qaynaqlanmamışdır.

Bundan əlavə, xüsusilə vurğulamaq istəyirik ki, şirkətimiz tərəfindən müraciətçilərlə sonrakı mərhələlərdə də dəfələrlə əlaqə saxlanılmış, onlar üçün iş imkanları araşdırılmış, müsahibələr və iş görüşləri ilə bağlı məlumatlar təqdim edilmişdir. Lakin bir çox hallarda nə telefon zənglərinə, nə göndərilən mesajlara, nə də prosesin davam etdirilməsi ilə bağlı müraciətlərə cavab verilməmişdir.

Bu məqamın özü belə prosesin nəticələnməməsinin səbəblərinin obyektiv qiymətləndirilməsini zəruri edir. Çünki müraciətçi şirkətlə əməkdaşlıq etmədən, göndərilən mesajlara cavab vermədən, təşkil edilən mərhələlərdə iştirak etmədən prosesin uğurla yekunlaşmasını gözləyə bilməz.

Xüsusilə qeyd etmək istəyirik ki, şirkətimiz yaranmış vəziyyətə baxmayaraq, müştəri məmnuniyyətini və insan faktorunu nəzərə alaraq maksimum anlayış nümayiş etdirmişdir.

Şirkət artıq Alman dili hazırlığı, müəllim xərcləri, təşkilati işlər, sənəd araşdırmaları, işəgötürənlərlə əlaqələr və digər xidmətlər üzrə xərclər çəkməsinə baxmayaraq, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi və ödənilmiş vəsaitin əhəmiyyətli hissəsinin geri qaytarılması təklifini özü irəli sürmüşdür.

Başqa sözlə, müraciətçilər hər hansı vəsaitin geri qaytarılması tələbi ilə çıxış etməzdən əvvəl belə,şirkət rəhbərliyi tərəfindən kompromis variantı təklif olunmuş və ödənilmiş məbləğin bir hissəsinin geri qaytarılmasına razılıq verilmişdir.

Lakin həmin təklif qəbul edilməmiş, əvəzində şirkət tərəfindən göstərilmiş bütün xidmətlərin inkar edilməsi və tam məbləğin geri tələb olunması mövqeyi sərgilənmişdir.

Şirkətimiz hesab edir ki, uzun müddət təşkil olunmuş dil hazırlığını, müəllim əməyini, keçirilmiş dərsləri, təşkil edilmiş müsahibələri və görülmüş digər işləri görməzlikdən gəlmək obyektiv yanaşma hesab edilə bilməz.

Həmçinin xüsusi olaraq qeyd etmək istəyirik ki, məqalədə “iki il ərzində heç bir nəticə əldə olunmaması” ilə bağlı yaradılan təsəvvür reallığı əks etdirmir. Baxmayaraq ki, müqavilələr 2024-cü ildə bağlanmışdır, müraciətçilər tərəfindən proses üçün zəruri olan sənədlər tam şəkildə yalnız 2025-ci ilin əvvəlində təqdim edilmişdir. Bundan sonra şirkət tərəfindən Alman dili hazırlığı, iş imkanlarının araşdırılması və müsahibələrin təşkili istiqamətində işlər davam etdirilmişdir.

Eyni zamanda, 2025-ci ilin yay aylarının sonlarından etibarən müraciətçilərin şirkət tərəfindən göndərilən bir çox mesajlara və əlaqə cəhdlərinə cavab vermədiyi, prosesdə aktiv iştirak etmədiyi faktlarla təsdiqlənir. Nəticədə 2025-ci ilin sonlarına doğru şirkət tərəfindən prosesin dayandırılması və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi ilə bağlı müraciət edilmiş, həmin mərhələdə müraciətçilər Almaniyaya getmək istəmədiklərini bildirərək ödəniş etdikləri məbləğin tam geri qaytarılmasını tələb etmişlər.

Belə olan halda, bir tərəfdən proses üçün vacib sənədlərin gec təqdim edilməsi, digər tərəfdən isə sonrakı mərhələlərdə şirkətlə əməkdaşlığın dayandırılması və nəticə etibarilə proqramdan imtina edilməsi fonunda “iki il ərzində heç bir nəticə əldə olunmayıb” iddiası obyektiv faktlarla uzlaşmır. Çünki qarşılıqlı razılaşma əsasında dayandırılmış və davam etdirilməyən bir prosesdən son nəticə tələb etmək məntiqi və faktiki baxımdan doğru yanaşma hesab oluna bilməz.

Məqalədə qeyd olunmayan digər mühüm məqam ondan ibarətdir ki, sözügedən şəxslər tərəfindən müxtəlif dövlət qurumlarına və aidiyyəti instansiyalara çoxsaylı müraciətlər edilmişdir.

Şirkətimiz hər bir müraciət üzrə müqavilələri, yazışmaları, iştirak qeydlərini, xidmətlərlə bağlı sübutları və digər sənədləri təqdim etmişdir.

Nəticədə həmin müraciətlər əsasında şirkətimizin qanun pozuntusuna yol verməsini təsdiqləyən hər hansı qərar qəbul edilməmişdir.

Bu səbəbdən şirkətimizdə əsaslı qənaət formalaşmışdır ki, hüquqi müstəvidə istənilən nəticə əldə edilmədikdən sonra məsələ informasiya müstəvisinə daşınmış, şirkətin işgüzar nüfuzuna zərər vurmağa yönəlmiş kampaniyaya üstünlük verilmişdir.

Şirkətimiz hesab edir ki, bütün bu proseslərin fonunda yayılan məlumatların əsas məqsədi həqiqətləri ortaya çıxarmaq deyil, şirkətin nüfuzuna zərər vurmaq, ictimai rəyə təsir göstərmək və şirkət üzərində təzyiq yaratmaq cəhdidir”.

Açıqlamada, həmçinin qeyd olunur ki, şikayətçilərin  şirkət rəhbərinin şəxsi həyatına aid foto və videoların paylaşılması da bunun bariz nümunəsidir:

“Qeyd olunan görüntülərin Ausbildung proqramı, müqavilə münasibətləri və ya göstərilmiş xidmətlərlə heç bir əlaqəsi yoxdur. Həmin materiallar şirkət fəaliyyətə başlamazdan əvvəlki dövrlərə və şəxsi həyata aiddir.

“First Academy AZ” MMC bu günə qədər yaranmış vəziyyətə səbir və anlayışla yanaşmış, məsələni hüquqi müstəviyə keçirmədən həll etməyə çalışmışdır. Müştərilərimizlə münasibətlərdə hər zaman insan faktorunu ön planda tutmuş, kompromis və qarşılıqlı anlaşma yolu ilə həll variantlarına üstünlük vermişik.

Lakin şirkətimizin işgüzar nüfuzuna zərər vurulması, həqiqətə uyğun olmayan məlumatların yayılması, şəxsi həyata müdaxilə xarakterli materialların paylaşılması və şirkətimizə qarşı aparılan qara piar xarakterli fəaliyyətlər səbəbindən artıq hüquqlarımızın müdafiəsi istiqamətində zəruri hüquqi addımlar atılmışdır.

Hazırda hüquqşünaslarımız tərəfindən məsələnin bütün hüquqi aspektləri araşdırılmış, aidiyyəti dövlət qurumlarına və səlahiyyətli orqanlara müvafiq müraciətlər ünvanlanmışdır. Şirkətimiz öz işgüzar nüfuzunun, qanuni mənafelərinin və hüquqlarının müdafiəsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə edəcəkdir.

Əminik ki, məsələyə hüquqi qiymət veriləcək və şirkətimizin hüquqları qanun çərçivəsində tam şəkildə qorunacaqdır.

İctimaiyyəti yalnız birtərəfli iddialara deyil, faktlara, sənədlərə və obyektiv məlumatlara əsaslanmağa çağırırıq”.

Hörmətlə,

“First Academy AZ” MMC